Formula 1 üçün Bakıya gələnlərə viza güzəşti – Prezidentdən Sərəncam

Formula 1 üçün Bakıya gələnlərə viza güzəşti –

Bakıda keçiriləcək Formula 1 yarışını izləmək və yarışda iştirak etmək üçün Azərbaycana gələn şəxslər üçün viza proseduru sadələşdirilib.

Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyev Bakı şəhərində Formula 1 yarışının keçirilməsi ilə əlaqədar viza prosedurunun sadələşdirilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, yarışla əlaqədar Azərbaycana gələn şəxslər müvafiq sənədləri təqdim etməklə 2026-cı il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Viza üçün tələb olunan sənədlər arasında Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) müvafiq qaydalarına uyğun akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd nəzərdə tutulur.

Həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, eləcə də 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd viza üçün təqdim edilə bilər.