Avtobuslarda və dayanacaqlarda sıxlıq niyə yaranır? – BakuBus-ın Mətbuat Katibindən AÇIQLAMA
Tədris ilinin başlaması ilə Bakıda ictimai nəqliyyatdan istifadəyə tələbat artıb. BakuBus sərnişin sıxlığının müşahidə olunduğu marşrutlar və xəttə buraxılan avtobusların sayı ilə bağlı açıqlama verib.
Azmedia.Az xəbər verir ki, son günlər paytaxtda, xüsusilə səhər və axşam pik saatlarında avtobuslarda və dayanacaqlarda sərnişin sıxlığı müşahidə olunur. Sərnişinlərin avtobus gözləmə müddəti və bəzi marşrutlarda yaranan sıxlıqla bağlı məsələyə BakuBus MMC-nin mətbuat katibi Əsmər Əliyeva aydınlıq gətirib.
Əsmər Əliyevanın Azmedia.Az-a verdiyi açıqlamaya görə, tədris ilinin başlaması ilə əlaqədar sərnişin tələbatında gözlənilən artım nəzərə alınaraq marşrut xətləri üzrə qabaqlayıcı tədbirlər görülüb və xəttə buraxılan avtobusların sayı artırılıb.
Mətbuat katibi bildirib ki, 2025-ci ilin müvafiq dövründə gündəlik 800-dən çox avtobus xəttə buraxıldığı halda, hazırda bu göstərici 1300-dən çoxdur.
Onun sözlərinə görə, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə xəttə buraxılan avtobusların sayında 62,5 faizdən çox artım qeydə alınıb. Eyni zamanda, “BakuBus” MMC üzrə rekord sayda avtobus sərnişindaşıma prosesinə cəlb edilib.
Əsmər Əliyeva qeyd edib ki, sərnişin axınının daha intensiv olduğu istiqamətlərdə xidmətin çevikliyinin artırılması məqsədilə əlavə tədbirlər də həyata keçirilib.
Bu çərçivədə M2 nömrəli ekspres marşrut xəttinin avtobuslarında ikinci validatorlar quraşdırılıb.
Mətbuat katibinin sözlərinə görə, yeni sistem sərnişinlərin eyni anda həm ön, həm də orta qapıdan avtobusa daxil olmasına imkan verir. Bununla da minmə prosesinin sürətləndirilməsi və avtobusların dayanacaqlarda gözləmə müddətinin azaldılması istiqamətində əlavə imkan yaradılıb.
BakuBus rəsmisi avtobusların hərəkət intervallarına təsir edən amillərə də toxunub.
O bildirib ki, hazırda paytaxtın bir sıra küçə və prospektlərində aparılan təmir işləri, yol hərəkətinin təşkilindəki müvəqqəti dəyişikliklər, eləcə də xüsusilə səhər və axşam pik saatlarında yaranan nəqliyyat sıxlığı avtobusların hərəkət sürətinə təsir göstərir.
Əsmər Əliyeva əlavə edib ki, bu səbəbdən ayrı-ayrı marşrut xətlərində avtobuslararası intervallarda müvəqqəti artımlar müşahidə oluna bilər.
BakuBus MMC-dən sərnişinlərə yollardakı vəziyyət və marşrutlarda tətbiq olunan dəyişikliklərlə bağlı məlumatları şirkətin rəsmi Telegram kanalından izləmələri tövsiyə olunub.
Şirkətin məlumatına görə, rəsmi Telegram kanalında yollardakı mövcud vəziyyət, eləcə də marşrut xətlərinin hərəkət sxemlərində edilən müvəqqəti dəyişikliklərlə bağlı məlumatlar mütəmadi və operativ şəkildə paylaşılır.
Əli Şəyəldiyev
Azmedia.Az


