“Yaralı döyüşçülər sağalan kimi yenidən cəbhəyə qayıtmaq istəyirdilər” – Vətən müharibəsinin ön cəbhəsində xidmət edən həkim- FOTO

“Yaralı döyüşçülər sağalan kimi yenidən cəbhəyə qayıtmaq istəyirdilər” – Vətən müharibəsinin ön cəbhəsində xidmət edən həkim-

Aprel döyüşlərindən 44 günlük Vətən müharibəsinə, oradan isə Qarabağda keçirilən antiterror əməliyyatına qədər yaralı hərbçilərin sağlamlığı uğrunda mübarizə aparan həkim-cərrah Kamran Qəfərovun xidmət yolu vətənə bağlılığın, peşəkarlığın və fədakarlığın nümunəsidir. O, müxtəlif döyüş əməliyyatlarında könüllü şəkildə iştirak edib, yaralı döyüşçülərə tibbi yardım göstərib və ən çətin anlarda onların yenidən həyata qayıtması üçün əlindən gələni edib.

Azmedia.Az xəbər verir ki, Mingəçevir Mərkəzi Xəstəxanasının gənc cərrah-mütəxəssisi Kamran Qəfərov 2011-ci ildən etibarən şəhərin əsas tibb müəssisəsində peşəkar fəaliyyət göstərir.  Onla olan müsahibəni təqdim edirik:

Kamran həkim, 2016-cı ilin Aprel döyüşlərində iştirak etmək qərarını necə verdiniz? Həmin günlərdə hansı hadisələrlə qarşılaşdınız?

Aprel döyüşlərinin ilk saatlarından etibarən ərizə yazaraq cəbhəyə getməkdə qərarlı olduğumu bildirdim. Dərhal xahişimi nəzərə alaraq məni cəbhə bölgəsinə göndərdilər. Bir neçə gün ərzində 16 yaralı döyüşçünün şəfa tapması üçün əlimdən gələni etdim. Şükürlər olsun ki, hər bir əməliyyat və tibbi yardım prosesi yaralı pasiyentlərim üçün uğurla yekunlaşdı.

Həmin anlarda məni ən çox təəccübləndirən və heyrətləndirən yaralı döyüşçülərin arzuları, istəkləri və davranışları idi. Azacıq özlərinə gələn, ayaqları yer tutan yaralılar dərhal cəbhəyə qayıtmaq istəyir, bu istəklərində israr edirdilər.

44 günlük Vətən müharibəsinin başlanmasını harada öyrəndiniz? Müharibənin ilk günü xəstəxanada hansı vəziyyətlə qarşılaşdınız?

2020-ci il sentyabrın 27-də, bazar günü işdə növbətçi idim. Birdən gördüm ki, xəstəxananın həyətində hay-küy var. Dalbadal iri tutumlu üç avtobus xəstəxananın həyətinə daxil oldu. Az sonra sürücülər qışqıraraq dedilər ki, tez olun, kömək edin, yaralılar var.

Təsəvvür edin, növbədə tək idim, yanımda başqa təyinatlı bir neçə tibb işçisi vardı və qarşımızda yaralılarla dolu üç avtobus dayanmışdı. Məlum oldu ki, Vətən müharibəsi başlayıb. Beləcə, gərgin xidmət rejiminə keçdik. Günlərlə gecə-gündüz istirahət etmədən müxtəlif kateqoriyalardan olan yaralı döyüşçülərə şəfa verməyə başladıq.

Vətən müharibəsi zamanı xəstəxanaya gətirilən yaralılar arasında hansı hərbi birliklərin nümayəndələri var idi? Yaddaşınızda xüsusi yer tutan hadisələrdən danışardınız.

Onların arasında bütün hərbi birliklərin təmsilçiləri vardı, o cümlədən xüsusi təyinatlılar. Hətta Qarabağ müharibəsinin qəhrəmanı olan və hər kəsin sevimlisinə çevrilən xüsusi təyinatlı Yaşar Hüseynovun güllə yarasının çıxarılması və müalicəsi xoşbəxtlikdən həkim kimi mənə qismət oldu.

Bir neçə gün ərzində özünə gələn qəhrəman döyüşçü sağalaraq yenidən döyüş meydanına qayıtdı. Əsgər, gizir və zabit kimi ən qanlı döyüşlərdə iştirak etmiş qəhrəman döyüşçülərin sağlamlığının keşiyində dayanmaq, onların müalicəsində iştirak etmək sözlə ifadə edə bilməyəcəyim qədər qürurverici vətənpərvərlik hissidir.

Aprel döyüşləri və Vətən müharibəsi zamanı cərrah-mütəxəssis kimi yaşadığınız çətin anlar yaddaşınızda necə qalıb?

İstər Aprel döyüşləri, istərsə də Zəfər döyüşlərinin gedişində cərrah-mütəxəssis kimi üzləşdiyim və yaşadığım çətin anlardan saatlarla danışa bilərəm.


44 günlük Vətən müharibəsindən sonra Qarabağda antiterror əməliyyatı başladı. Bu dəfə də ön cəbhədə xidmət göstərmək qərarına gəldiniz. Həmin günləri necə xatırlayırsınız?

Antiterror əməliyyatının ilk saatlarında xəstəxana rəhbərliyinin ön cəbhədə xidmət göstərmək imkanına malik həkim-mütəxəssisləri müəyyənləşdirmək niyyətində olduğunu eşitdim. Dərhal müraciət edərək bildirdim ki, məni axtarmağa ehtiyac yoxdur, getməyə hazıram.

Daha sonra istəyimə uyğun qərar verildi və sentyabrın 19-da ön xətdə yerləşən N saylı briqadaya yola düşdüm. Dörd gün, yəni sentyabrın 23-dək ön cəbhədə vətənpərvər və peşəkar missiyamı yerinə yetirdim.

Həmin günlərdə qarşılaşdığım çətin anlar və igidlərimizin qəhrəmanlıq salnaməsi yaddaşımda əbədi yer tutub. Çətinliklər çox idi, amma ən dəhşətlisi düşmənin ağır yaralıların köməyinə çatmağa və onları təhlükəsiz əraziyə daşımağa çalışan tibb briqadalarının avtomobillərini davamlı atəş altında saxlaması idi.

Bununla belə, ordumuzun, o cümlədən ağ xalatlılarımızın cəsarəti və əzmi həmin qanlı-qadalı anları möhtəşəm qələbəyə çevirməyə imkan verdi.

Ehtiram Muradov

Azmedia.Az