“Onu bir qız məhv etdi” – Keçmiş icra başçısının oğlunun başına gələnlər MƏHKƏMƏDƏ AÇILDI!

“Onu bir qız məhv etdi” –

Keçmiş icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babazadə ilə bağlı 2 milyon manatlıq dələduzluq işi üzrə məhkəmədə diqqətçəkən açıqlamalar verilib. Təqsirləndirilən sabiq baş həkim Aruz Əliyev onun çətin vəziyyətə düşməsinin səbəblərindən danışıb.

Azmedia.Az xəbər verir ki, 14 il icra başçısı işləmiş Lütvəli Babayevin oğlu biznesmen Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aruz Əliyev ifadə verib.

O bildirib ki, Babəli Babazadə və onun ailə üzvləri ilə əvvəlcə həkim-xəstə münasibətində olub, daha sonra münasibətləri yaxınlaşıb və ailəvi gediş-gəlişləri yaranıb.

Aruz Əliyev ifadəsində qeyd edib:

“Babəlinin anasına ‘ana’ demişəm. Babəlinin birgə yaşadığı qız dərman içərək zəhərlənmişdi. Anası xahiş etdi ki, ona kömək edim. Əlimdən gələn köməyi etdim. Mən Babəliylə qardaş kimiydim. Hər dəfə dara düşəndə yanında olurdum”.

Aruz Əliyevin sözlərinə görə, ehtiyacı olduğu üçün Babəliyə 40 min dollar verib. O bildirib ki, həmin vaxt Babəliyə heç bir qohumu sahib çıxmır, ona kömək etmirmiş.

Təqsirləndirilən şəxs bu barədə belə danışıb:

“Babəlini yaşadığı qız məhv etdi, pullarını yeyib dağıtdı. Babəli otelin pulunu ödəyə bilmədi, onu qaldığı yerdən çıxardılar. Küçədə qalırdı, ona yenə mən yardım elədim”.

Aruz Əliyevin ifadəsinə görə, o, Babəli Babazadənin torpaq sahəsinin satılmasında da iştirak edib. Lakin müvafiq sənədlər olmadığı üçün torpağın satışını həyata keçirmək mümkün olmayıb.

O, daha sonra Montin qəsəbəsində yerləşən ofisin satışı ilə bağlı məsələdən danışıb:

“Daha sonra Babəli Montin qəsəbəsində olan ofisin satılmasını, mənim də alqı-satqıda iştirakımı istədi. Həmin dövrdə mənə başqa bir işlə bağlı etibarnamə vermişdi.

Babəli Türkiyədə olduğu üçün məndən xahiş etdi ki, ona kömək edim. Obyekt Babəlinin adına deyildi, onu Nofəl adlı bir nəfər satırdı. Nofəlin kim olduğunu soruşanda, Babəli dedi ki, tanışımdır. Notariusun yanında soruşdular ki, sənə etibarnamə verilib? Dedim, yox. Alqı-satqı alınmadı. Ümumiyyətlə, obyektin qiymətləndirilməsini Babəli özü təklif etmişdi. Əvvəlcə obyekti başqa qiymətə, sonra isə 280 min manata satılmasını təklif etdilər.

Mən də soruşdum ki, bu qiymətdən obyekt sahibinin xəbəri var? Dedim, obyektin bu qiymətə satılması düzgün deyil”.

Təqsirləndirilən şəxs bildirib ki, Babəli Türkiyədə bir fabriklə danışdığını və fındıq alveri ilə məşğul olacaqlarını deyib.

“Mən onda Qəbələ rayonunda idim. Babəli həmin biznesdə mənim də iştirak etməyimi istədi. Razılaşdım, sərmayə qoymaq istədim. Hətta fındığın nümunəsini də göndərdik. Mən 220 min manat sərmayə qoydum. Babəli də pul qoymuşdu”, – deyə Aruz Əliyev bildirib.

Aruz Əliyev ifadəsində Babəlinin Türkiyədə Nofəl adlı şəxslə saxta pul alverinə girişdiyini, sonradan onların işləri ilə maraqlanmadığını da söyləyib.

Növbəti məhkəmə prosesi noyabrın 5-də davam edəcək.

Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata satmaqda və əldə olunan vəsaiti mənimsəməkdə ittiham olunur.

Məsələ burasındadır ki, hadisədən əvvəl Babəli Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub göndərilib və vergi borcunu ödəməli olduğu xatırladılıb. Babəli bu məsələ ilə bağlı dostu Aruz Əliyevlə məsləhətləşərək ondan nə edə biləcəyini soruşub.

Həkim-cərrah olan Aruz Əliyev cinayət işi üzə çıxanadək “Uniklinika”nın baş həkimi vəzifəsində çalışıb.

İddialara görə, Aruz Əliyev külli miqdarda vergi borcu yaranan Babəliyə ölkədən çıxmasının lazım olduğunu bildirib. Daha sonra o, tanışı Ehtiram Kərimovla əlbir olaraq keçmiş icra başçısının oğlunun Türkiyəyə getməsinə nail olub.

Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə etibarnamə verib və həmin əmlaklar satışa çıxarılıb.

Babəli Babazadənin iddiasına görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz Əliyev və Ehtiram Kərimov Babəlinin ümumilikdə 2 milyon manat dəyərində əmlakını sataraq əldə olunan pulu ona verməyib, dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.

Zərərçəkmiş şəxsin şikayəti əsasında sabiq baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlara dələduzluq maddəsinin xüsusilə ağır bəndi ilə ittiham irəli sürülüb və hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib və cinayət işi üzrə şahid qismində tanınıb.

Təqsirləndirilən şəxslər isə irəli sürülən ittihamları qəbul etmirlər. Onların sözlərinə görə, zərərçəkmiş şəxs əmlaklarını könüllü şəkildə satdırıb və əldə etdiyi pulları Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına əsasən, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra yaranmış vəziyyətdən çıxmaq üçün dostundan istifadə edib.

Digər məlumata görə, Babəli Türkiyəyə getməzdən əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə olub. O, azadlığa çıxdıqdan dərhal sonra ölkəni tərk edib.

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevir şəhərinin, 2007–2019-cu illərdə isə Zərdab rayonunun icra başçısı vəzifəsində çalışıb.

Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatın yazdığına görə, o, Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.