Gəncədə 15 nəfərin şəhid olduğu raket hücumundan 6 il ötür
2020-ci il oktyabrın 17-də Gəncənin mərkəzində yerləşən Cavadxan qəsəbəsi raket hücumuna məruz qalıb. Hücum nəticəsində 15 nəfər şəhid olub, 55-dən çox insan yaralanıb
Azmedia.Az xəbər verir ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhəri Ermənistan silahlı qüvvələrinin beşinci raket hücumunun hədəfi olub. Hadisədən altı il ötür.
2020-ci il oktyabrın 17-də gecə saat 01:00 radələrində cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsi SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə yenidən atəşə tutulub.
Hücum nəticəsində yaşayış evləri tamamilə dağılıb, insanlar dağıntılar altında qalıb. Hadisə zamanı 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb. Şəhərdəki çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və yaşlı insanlar da olub.
Hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb. İstintaq Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 120.2.1-ci (cinayətkar birlik — təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri üzrə aparılır. İstintaqın həyata keçirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Bundan əlavə, Ermənistan silahlı qüvvələri həmin gün — oktyabrın 17-də gecə saat 01:00 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını da hədəfə alıb. Cəbhə bölgəsindən 100 kilometrdən artıq məsafədə yerləşən iri sənaye şəhəri Mingəçevirə raketlər atılıb. Lakin raketlər Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Gəncəyə ümumilikdə beş dəfə — oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriya ilə hücum edib. Hücumlar nəticəsində 27 nəfər şəhid olub, 175 nəfər yaralanıb. Şəhərdəki mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


