Həkimlərin maaşında yeni artımlar: bəzi mütəxəssislər 3 000 manat alacaq – SİYAHI
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan on minlərlə tibb işçisinin əməkhaqqı sentyabrın 1-dən yeni qaydalar əsasında hesablanacaq. Dəyişikliklərdə xüsusilə həkim çatışmazlığı yaşanan regionlarda çalışan mütəxəssislər üçün əlavə ödənişlər nəzərdə tutulur.
Azmedia.Az xəbər verir ki, 2026-cı il sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edən yeni əməkhaqqı qaydaları tətbiq ediləcək.
Onların 36 041-i orta, 20 367-si kiçik tibb heyəti, 8 675-i ambulator tibbi xidmət göstərən həkimlər, 7 129-u isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlərdir.
Yeni mexanizm nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Ödənişlər vəzifə, ixtisas, iş yükü, fəaliyyət nəticələri və regionlarda kadr təminatı kimi meyarlar əsasında fərqləndiriləcək.
Həkimlərin maaşları necə dəyişəcək?
İlkin səhiyyə xidməti göstərən ailə və sahə həkimlərinin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manatadək artırılacaq.
Təcili tibbi yardım üzrə:
RTTTYМ həkimləri: 1 550 → 2 200 manat
Tibb mərkəzlərinin təcili yardım şöbələrində çalışan həkimlər: 1 550 → 2 500 manat
3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili yardım şöbələrində çalışan həkimlər: 2 100 → 3 000 manat
Regionlarda çalışan həkimlərə əlavə stimul
İslahatın əsas məqsədlərindən biri kadr çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətini stimullaşdırmaqdır.
Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, kadr çatışmazlığı olan ərazilərdə müəyyən ixtisaslar üzrə əlavə ödənişlər tətbiq ediləcək.
Bu çərçivədə:
Uşaq anestezioloq-reanimatoloqları: 1 450 → 3 000 manat
Neonatoloqlar: 1 450 → 2 400 manat
Hemodializ həkimləri: 1 450 → 2 250 manat
Mama-ginekoloq, neyrocərrah, uşaq cərrahı, ürək-damar cərrahı, üz-çənə cərrahı və travmatoloqlar: 1 450 → 2 150 manat olacaq.
Kadr çatışmazlığı yaşanan regionlarda cərrahi, stasionar terapevtik, fizioterapiya və reabilitasiya, anesteziya və invaziv radioloji xidmətlər üzrə nəticəyə əsaslanan əlavə ödənişlərə 1,3 əmsalı tətbiq ediləcək.
Ambulator həkimlərin ödəniş sistemində dəyişiklik
Ambulator tibbi xidmət göstərən həkimlər üçün əvvəlki kiçik faizli ödəniş mexanizmi əvəzinə aylıq qəbul və baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə ödəniş tətbiq olunacaq.
Bundan başqa, həkimlərin həvəsləndirici ödənişləri göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnuniyyəti ilə əlaqələndiriləcək.
Orta və kiçik tibb heyətinin maaşı da artır
Yeni qaydalar orta və kiçik tibb heyətini də əhatə edir.
36 041 orta tibb işçisinin aylıq əməkhaqqısında artım 17 faiz, 20 367 kiçik tibb işçisində isə 18 faiz təşkil edəcək.
Baş tibb bacıları üçün də məsuliyyət səviyyəsinə uyğun fərqli artımlar müəyyənləşdirilib. Məsələn, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 125 manatadək yüksələcək.
Yeni əməkhaqqı modelinin tətbiqi ilə tibb işçilərinin gəlirlərinin artırılması ilə yanaşı, regionlarda kadr təminatının gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və pasiyent məmnuniyyətinin artırılması hədəflənir.


