Bərdəyə “Smerç” raketləri ilə hücum: faciədən 6 il ötür

Bərdəyə “Smerç” raketləri ilə hücum: faciədən 6 il ötür

2020-ci il oktyabrın 28-də Bərdə şəhərində dinc sakinlərin sıx yaşadığı ərazilər, mülki və ticarət obyektləri, eləcə də yaşayış binalarının yerləşdiyi sahələr “Smerç” raketləri ilə atəşə tutulub. Hücum nəticəsində mülki şəxslər həlak olub, onlarla insan yaralanıb.

Azmedia.Az xəbər verir ki, İkinci Qarabağ müharibəsi zamanı Bərdə şəhərinin Ermənistan silahlı qüvvələrinin növbəti raket hücumuna məruz qalmasından altı il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi əraziləri “Smerç” raketləri ilə atəşə tutub.

Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə həyata keçirdiyi zərbələr nəticəsində 20 mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı həlak olub, 70-ə yaxın insan isə yaralanıb.

Hücum zamanı bir neçə mülki obyekt dağıdılıb, avtomobillər yararsız vəziyyətə düşüb və sakinlərə külli miqdarda maddi ziyan dəyib.

Hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonu və şəhər mərkəzi Ermənistan silahlı qüvvələrinin ümumilikdə üç dəfə — oktyabrın 5-də, 27-də və 28-də raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər həlak olub, 112 nəfər yaralanıb. Rayonun mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, ümumilikdə 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.