225 saylı məktəbdə jurnalistlərə hücum: operatorların görüntüləri zorla sildirilib- VİDEO

225 saylı məktəbdə jurnalistlərə hücum: operatorların görüntüləri zorla sildirilib-

Bakı şəhərində yerləşən 225 saylı tam orta məktəbdə media nümayəndələrinə hücum edilməsi ilə bağlı ilk yayılan bəzi iddiaların əksinə olaraq, jurnalistlərə hücum edən şəxslərin məktəblilər deyil, həyatını itirən şagirdin yaxınları və hadisə yerində olan bəzi digər şəxslər olduğu bildirilir.

Azmedia.Az xəbər verir ki, 28 oktyabr 2026-cı il tarixində Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılaraq faciəvi şəkildə həyatını itirib. Hadisənin intihar olması ilə bağlı iddialar da səsləndirilib.

Hadisəni işıqlandırmaq məqsədilə məktəbə yollanan “Real TV” və “Space TV” telekanallarının çəkiliş qrupları ərazidə hüquqazidd hərəkətlərlə qarşılaşıblar. Məktəbin qarovulçusunun və ətrafdakı bəzi şəxslərin təhriki ilə bir qrup şəxs jurnalistlərə və operatorlara hücum edib.

Hücum nəticəsində telekanalların operatorları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmçinin, kameralarda qeydə alınan görüntülər zorla sildirilib.

Hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlər nəticəsində jurnalistlərə hücum edən və zorakılıq törədən şəxslər saxlanılıb, onların barəsində araşdırmaya başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məsələnin nəzarətə götürüldüyünü və müvafiq araşdırmanın aparıldığını bəyan edib.