Vüqar Bayramov: Azərbaycan xalqı şəhidlərini heç zaman unutmayacaq
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində xüsusi yer tutur. Sentyabrın 27-nin Anım Günü kimi təsis edilməsi 2 dekabr 2020-ci il tarixli Prezident Sərəncamı ilə müəyyənləşdirilib.
Milli Məclisin deputatı Vüqar Bayramov Azmedia.Az-a açıqlamasında bildirib ki, 27 Sentyabr həm 44 günlük Vətən müharibəsinin başladığı, həm də şəhidlərin əziz xatirəsinin yad edildiyi mühüm tarixdir.
Deputat qeyd edib ki, həmin gün Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olmaqla yanaşı, şəhidlərin heç zaman unudulmayacağının təsdiqi kimi tarixə düşüb.
V.Bayramovun sözlərinə görə, Azərbaycanın əldə etdiyi Zəfərdə şəhidlərin və qazilərin böyük fədakarlığı mühüm rol oynayıb.
“Azərbaycanın əldə etdiyi Zəfər məhz şəhidlərimizin həyatı, qazilərimizin fədakarlığı hesabına baş verdi”, – deyə deputat bildirib.
O vurğulayıb ki, Vətən müharibəsində əldə olunan Zəfər regionda yeni reallıqların formalaşmasına səbəb olub.
Deputat qeyd edib ki, Anım Gününün təsis edilməsi Azərbaycan xalqının şəhidlərin xatirəsinə ehtiramının və onların heç zaman unudulmayacağının göstəricisidir.
V.Bayramov bildirib ki, şəhid ailələrinə dövlət dəstəyi ildən-ilə artırılır və bu ailələrin sosial təminatı Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir.
“Şəhid ailələrimizin sosial təminatı, onlara dəstəyin artırılması hər zaman Azərbaycanda prioritet siyasət olaraq qalır və qalacaq”, – deyə deputat vurğulayıb.
Vüqar Bayramov bütün şəhidlərə Allahdan rəhmət diləyib.
Şəlalə Camal
Azmedia.Az


