Günel Səfərova: “Ən böyük çağırışımız problemi hadisədən sonra deyil, ona gətirib çıxaran səbəblər mərhələsində görməkdir”
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova uşaq müdafiəsi, məktəblərdə təhlükəsiz mühit, bullinq və zorakılığın qarşısının alınması, vahid məktəbli forması, rəqəmsal təhlükəsizlik, psixoloji dəstək və valideyn-məktəb əməkdaşlığı ilə bağlı Azmedia.Az-ın suallarını cavablandırıb.
Azmedia.Az-a açıqlamasında Günel Səfərova bildirib ki, uşaq müdafiəsi sahəsində əsas məqsəd yalnız problem yarandıqdan sonra müdaxilə etmək deyil, riskləri əvvəlcədən müəyyənləşdirmək, erkən müdaxilə imkanlarını genişləndirmək və preventiv mexanizmləri gücləndirməkdir.
– Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin hazırda prioritet hesab etdiyi əsas məsələlər hansılardır və uşaq müdafiəsi sahəsində ən böyük çağırışımız nədir?
– Bu gün uşaq müdafiəsi sahəsində əsas prioritetimiz hər bir uşağın təhlükəsiz, sağlam və hüquqlarının qorunduğu təhsil mühitində inkişafını təmin etməkdir. Yanaşmamız yalnız problem baş verdikdən sonra müdaxilə etməklə məhdudlaşmır. Əsas məqsədimiz riskləri əvvəlcədən müəyyənləşdirmək, erkən müdaxilə imkanlarını genişləndirmək və preventiv mexanizmləri gücləndirməkdir.
Bu baxımdan risk qrupunda olan uşaqlar, bullinq və zorakılığın müxtəlif formaları, ailə-məktəb münasibətləri, psixoloji dəstəyə ehtiyacı olan uşaqlar, valideyn himayəsindən məhrum uşaqlar və inklüziv təhsilə cəlb olunan uşaqlar xüsusi diqqət tələb edir.
Bu istiqamətdə Uşaqların Müdafiəsi İdarəsinin məktəblərdə fəaliyyət göstərən mütəxəssislərinin rolu xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycanın müxtəlif ərazilərində 114 məktəbi əhatə edirik. “Məktəblinin dostu” kimi tanınan bu layihə Uşaqların Müdafiəsi İdarəsinin əsas fəaliyyət istiqamətlərindən biri kimi uşaq müdafiəsi mexanizmində mühüm rol oynayır.
Mütəxəssislərimiz uşaqların gündəlik mühitini yaxından müşahidə edir, onların davranış və münasibətlərindəki dəyişiklikləri vaxtında müəyyənləşdirir və zəruri hallarda müdaxilə imkanları yaradırlar. Eyni zamanda, peşəkar psixoloq komandamız risklərin vaxtında müəyyənləşdirilməsinə, uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsinə və uyğun dəstəyin göstərilməsinə imkan verir.
Ən böyük çağırışımız isə problemi hadisə baş verdikdən sonra deyil, ona gətirib çıxaran səbəblər mərhələsində görməkdir. Bunun üçün məktəb, ailə, psixoloq, müəllim və aidiyyəti dövlət qurumları eyni məqsəd ətrafında koordinasiyalı fəaliyyət göstərməlidir.
– Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı son qərarı cəmiyyətdə geniş müzakirə edilir. Bir uşaq hüquqları müdafiəçisi və idarə rəhbəri kimi, vahid geyimin şagirdlər arasında maddi-sosial fərqlərdən yaranan psixoloji kompleksləri azaltmaqdakı rolunu necə qiymətləndirirsiniz?
– Bu məsələyə ilk növbədə uşağın psixoloji rahatlığı və məktəb mühitində bərabərliyin təmin olunması baxımından yanaşmaq daha doğrudur.
Məktəb təhsil və tərbiyə məkanıdır. Uşağın məktəbə hansı geyimdə gəlməsi onun ailəsinin maddi imkanlarını nümayiş etdirən vasitəyə çevrilməməlidir.
Vahid məktəbli formasının mühüm üstünlüklərindən biri də uşaqların geyim vasitəsilə bir-birindən maddi baxımdan fərqləndirilməsinin qarşısını almağa, sosial fərqlərin görünürlüğünü azaltmağa və məktəb mühitində daha bərabər atmosfer yaratmağa kömək etməsidir.
Uşağın “mənim geyimim başqasınınkı qədər bahalı deyil” düşüncəsi ilə özünü digər uşaqlardan aşağı hiss etməsi onun özünəinamına təsir göstərə bilər. Vahid forma isə bu müqayisəni minimuma endirən amillərdən biridir.
Burada söhbət yalnız xarici görünüşdən getmir. Vahid məktəbli forması uşağa “bu məktəbdə hamımız bərabərik, əsas olan sənin kim olduğun və nəyə qadir olduğundur” mesajını da verə bilər. Bu baxımdan vahid forma sağlam psixoloji mühitin formalaşmasına dəstək verən amillərdən biridir.
– Vahid geyim standartları müəyyən edilərkən və ya məktəblərdə tətbiq olunarkən uşaqların yaş xüsusiyyətləri, fəsillərə uyğun rahatlığı və hərəkət sərbəstliyi nə dərəcədə nəzərə alınır?
– Burada çox mühüm bir prinsip var: məktəbli forması uşağın təhsil almasına mane olmamalıdır.
Uşaq gün ərzində saatlarla bu geyimdə olur. Ona görə forma hazırlanarkən yaş xüsusiyyətləri, mövsüm, hava şəraiti, hərəkət rahatlığı və gündəlik məktəb fəaliyyəti nəzərə alınmalıdır.
Məktəbli forması uşağın hərəkətinə mane olan, onu fiziki cəhətdən narahat edən və ya tədris prosesinə mənfi təsir göstərən geyimə çevrilməməlidir. Kiçik yaşlı uşağın ehtiyacları ilə yuxarı sinif şagirdinin ehtiyacları eyni deyil. Eyni zamanda, yay aylarında daha yüngül, qış aylarında isə hava şəraitinə uyğun geyim imkanlarının olması vacibdir.
Yay və qış dəstlərinin ayrıca nəzərdə tutulması da məhz mövsümi fərqlərin nəzərə alınmasına xidmət edir. Bizim üçün əsas məsələ vahidliklə rahatlığın bir-birinə zidd qoyulmamasıdır.
– Son dövrlər məktəblərdə bullinq (həmyaşıd təzyiqi) və aqressiya halları tez-tez gündəmə gəlir. İdarə tərəfindən bu halların qarşısını almaq üçün hansı preventiv addımlar atılır?
– Bullinqi yalnız “iki uşağın arasında baş vermiş münaqişə” kimi qəbul etmək düzgün deyil. Çünki bəzən bir uşağın davamlı şəkildə təhqir edilməsi, qrupdan kənarlaşdırılması, sosial mediada hədəfə alınması və ya görünüşünə, ailə vəziyyətinə, fiziki xüsusiyyətlərinə görə lağa qoyulması ciddi psixoloji təsir yarada bilər.
Ona görə əsas istiqamətimiz preventiv işdir. Müəllimlərin və məktəb rəhbərliyinin erkən siqnalları tanıması, psixoloqun uşaqlarla sistemli işləməsi, sinif daxilində sağlam münasibətlərin formalaşdırılması və valideynin prosesə vaxtında cəlb olunması çox vacibdir.
Məktəblərdə fəaliyyət göstərən mütəxəssislərimizin də burada mühüm rolu var. Onlar uşaqlarla gündəlik ünsiyyətdə olur, münasibətlərdə yaranan dəyişiklikləri daha tez müşahidə edir və problem böyüməmiş müvafiq addımların atılmasına şərait yaradırlar.
Biz istəyirik ki, uşaq problemi yalnız böhran həddinə çatanda deyil, ilk əlamətlər görünəndə diqqətə alınsın. Çünki vaxtında görülən kiçik bir tədbir sonradan daha böyük problemin qarşısını ala bilər.
– Təhsil müəssisələrindəki psixoloqların fəaliyyət keyfiyyətinin artırılması və risk qrupunda olan uşaqların vaxtında müəyyən edilməsi üçün hansı islahatlar aparılır?
– Burada əsas məsələ məktəbdə psixoloqun sadəcə formal olaraq mövcudluğu deyil, onun real və effektiv fəaliyyət göstərməsidir.
Risk qrupunda olan uşağın müəyyənləşdirilməsi də yalnız onun qiymətlərinə baxmaqla mümkün deyil. Davamiyyətində dəyişiklik, davranışında kəskin fərqlər, sosial münasibətlərdən uzaqlaşma, aqressivlik, təcrid olunma və dərsə marağın azalması kimi əlamətlər də nəzərə alınmalıdır.
Bu baxımdan məktəblərdə çalışan mütəxəssislər, sinif rəhbərləri və psixoloqlar arasında koordinasiyanın gücləndirilməsi mühüm istiqamətdir.
Eyni zamanda, Uşaqların Müdafiəsi İdarəsində fəaliyyət göstərən 8 peşəkar psixoloqun iştirakı uşağın psixoloji vəziyyətinin daha düzgün qiymətləndirilməsinə, xüsusi hallara müdaxiləyə və məktəb psixoloqları üçün təlimlərin təşkilinə mühüm dəstək verir.
Burada əsas məqsəd uşağı etiketləmək deyil. Əsas məqsəd onun ehtiyacını vaxtında görmək, səbəbi anlamaq və uşağa uyğun dəstəyi göstərməkdir.
– Məktəblərdə filtrasiya olunmuş internet təmin edilsə də, uşaqlar smartfon vasitəsilə kənarda kiber-təhdidlərlə və zərərli kontentlərlə üzləşirlər. Şagirdlərin rəqəmsal təhlükəsizliyini təmin etmək üçün valideynlərlə birgə hansı maarifləndirmə işləri görülür?
– Bu gün uşağın təhlükəsizliyini yalnız məktəbin fiziki sərhədləri daxilində təmin etmək kifayət deyil. Uşaq məktəbdən kənarda da rəqəmsal mühitdədir və burada kiberbullinq, zərərli kontent, tanımadığı şəxslərlə ünsiyyət, şəxsi məlumatların paylaşılması və müxtəlif manipulyasiya riskləri ilə qarşılaşa bilər.
Ona görə rəqəmsal təhlükəsizlik artıq uşaq müdafiəsinin ayrılmaz hissəsidir.
Valideynə sadəcə “telefonu uşağın əlindən alın” demək düzgün yanaşma deyil. Uşağa internetdə şəxsi məlumatlarını qorumaq, tanımadığı insanlarla ünsiyyətdə ehtiyatlı olmaq, şantaj və təhdid hallarında nə etmək, zərərli kontenti necə tanımaq öyrədilməlidir.
Eyni zamanda, valideyn uşağın onlayn davranışını nəzarətdə saxlamaqla yanaşı, onunla açıq ünsiyyət qurmalıdır. Uşaq bilməlidir ki, rəqəmsal mühitdə hər hansı təhlükə ilə qarşılaşdıqda bunu gizlətmədən valideyninə və ya etibar etdiyi böyüyə deyə bilər.
Burada ən vacib məsələ məktəb-valideyn əməkdaşlığıdır. Rəqəmsal təhlükəsizlik yalnız texniki filtr məsələsi deyil, həm də düzgün davranış və maarifləndirmə məsələsidir.
– Uşaqlar arasında artan internet və onlayn oyun asılılığının tədrisə mane olmaması üçün təhsil proqramlarına və ya dərsdənkənar fəaliyyətlərə xüsusi metodologiyalar daxil edilibmi?
– Bu məsələyə yalnız qadağa prizmasından yanaşmaq düzgün olmaz. Rəqəmsal texnologiyalar artıq uşaqların həyatının ayrılmaz hissəsidir. Əsas məqsəd uşağı texnologiyadan tam uzaqlaşdırmaq deyil, ondan sağlam, təhlükəsiz və məqsədyönlü istifadə vərdişlərinin formalaşdırılmasıdır.
Burada zamanın idarə olunması, yuxu rejimi, fiziki aktivlik, sosial ünsiyyət və dərslə istirahət arasında balansın formalaşdırılması vacibdir.
Məktəbdə uşaqların rəqəmsal vərdişlərinin düzgün istiqamətləndirilməsi ilə yanaşı, valideynlərin də bu prosesdə fəal iştirakı vacibdir. Çünki uşağın ekran qarşısında keçirdiyi vaxtın böyük hissəsi məktəbdən kənarda formalaşır və məsələ yalnız təhsil müəssisəsinin üzərinə qoyula bilməz.
Əsas məqsədimiz uşağın texnologiyanın istifadəçisinə çevrilməsi ilə yanaşı, texnologiyadan istifadəsini idarə edə bilən fərd kimi formalaşmasına dəstək olmaqdır.
– Valideyn himayəsindən məhrum, inklüziv təhsilə cəlb olunmuş və ya çətin tərbiyə olunan uşaqların müdafiəsi və onların cəmiyyətə, təhsil mühitinə tam inteqrasiyası mexanizmi necə qurulub?
– Bizim üçün burada əsas söz inteqrasiyadır. Valideyn himayəsindən məhrum uşaq, inklüziv təhsilə cəlb olunan uşaq və ya davranış problemi yaşayan uşaq məktəbdə “fərqli uşaq” kimi təqdim edilməməlidir.
Əksinə, məktəb həmin uşağın potensialını üzə çıxaran, özünü təhlükəsiz və dəyərli hiss etdiyi mühit olmalıdır.
Bu uşaqların müdafiəsi yalnız onların məktəbə qəbul olunması ilə yekunlaşmır. Onların kollektivə inteqrasiyası, həmyaşıdları tərəfindən qəbul olunması, psixoloji dəstək alması və ehtiyaclarının vaxtında müəyyənləşdirilməsi də vacibdir.
İnklüziv təhsilin əhatəsinin genişləndirilməsi də bu istiqamətdə atılan addımlardandır. Burada uşağın təhsilə çıxışı qədər sinif kollektivinə qəbul olunması və özünü həmin kollektivin üzvü hiss etməsi də vacibdir. Bunun üçün məktəb rəhbərliyi, müəllimlər, psixoloqlar, valideyn və ya qanuni nümayəndə və aidiyyəti qurumlar koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.
– Uşaq hüquqlarının pozulması, geyim qaydalarına riayət edilməsi və ya psixoloji problemlər zamanı çox vaxt valideyn-məktəb zəncirində qopuqluq yaranır. Bu əməkdaşlığı daha effektiv etmək üçün hansı layihələr planlaşdırılır?
– Valideyn təhsil prosesinin tərəfdaşıdır. Məktəb də valideynlə yalnız inzibati məsələlər çərçivəsində əlaqə saxlamamalıdır. Uşağın davranışında, psixoloji vəziyyətində və ya təhsil göstəricilərində dəyişiklik varsa, valideyn vaxtında məlumatlandırılmalı və problemin həllinə prosesin əvvəlindən cəlb olunmalıdır.
Bu baxımdan rəqəmsal imkanlar da çox vacibdir. Valideyn övladının təhsil göstəricilərini izləyə, məktəblə birbaşa əlaqə saxlaya, rəy və təkliflərini bildirə bilməlidir.
Amma texnologiya yalnız vasitədir. Əsas məsələ məktəbin valideyni dinləməsi, valideynin də məktəbin məsuliyyətini düzgün anlaması və tərəflər arasında qarşılıqlı etimadın formalaşmasıdır.
Bizim məqsədimiz valideynlə məktəbin qarşı-qarşıya dayanması deyil, uşağın mənafeyi ətrafında birləşməsidir.
– Vətəndaş cəmiyyətinin təklifləri hazırda qərarların qəbulunda nə dərəcədə nəzərə alınır?
– Uşaq məsələlərində dövlət, ailə, məktəb və vətəndaş cəmiyyəti arasında dialoq vacibdir.
Sahədə çalışan QHT-lər, ekspertlər və valideyn təşkilatları bəzən problemi məktəbin və ya dövlət qurumunun görə bilmədiyi başqa prizmadan görə bilirlər. Bu baxımdan onların təcrübəsi və təklifləri mühüm mənbədir.
Amma təklifin səsləndirilməsi ilə qərarın qəbul edilməsi eyni şey deyil. Təkliflər hüquqi, institusional və praktik baxımdan qiymətləndirilməlidir.
Dövlətin məsuliyyəti isə uşağın hüquq və mənafeyinin qorunmasını əsas götürərək müxtəlif tərəflərin təkliflərini dinləmək və mümkün olan effektiv mexanizmləri sistemə inteqrasiya etməkdir.
Sağlam dialoq və qarşılıqlı əməkdaşlıq uşaq müdafiəsi sahəsində daha çevik və effektiv mexanizmlərin formalaşmasına xidmət edir.
– Beynəlxalq uşaq müdafiəsi modellərindən hansılar hazırda yerli təhsil sistemimizə tətbiq edilməlidir?
– Beynəlxalq təcrübə bizim üçün mühüm mənbədir, amma hər hansı ölkənin modelini olduğu kimi Azərbaycana köçürmək düzgün yanaşma olmaz. Çünki hər bir ölkənin hüquqi sistemi, ailə modeli, sosial mühiti və təhsil sistemi fərqlidir.
Bununla belə, beynəlxalq təcrübədən bizim üçün faydalı olan bir neçə prinsip var.
Birincisi, erkən müdaxilədir: problemi böyümədən müəyyən etmək.
İkincisi, multidissiplinar yanaşmadır: müəllim, psixoloq, sosial xidmət, ailə və digər aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti.
Üçüncüsü, uşağın fikrinin dinlənilməsidir. Uşaqla bağlı qərar qəbul edilərkən onun yaşına və inkişaf səviyyəsinə uyğun şəkildə mövqeyinin nəzərə alınması vacibdir.
Digəri isə rəqəmsal təhlükəsizlikdir. Çünki artıq uşağın müdafiəsi yalnız məktəbin fiziki sərhədləri ilə məhdudlaşmır.
Bizim məqsədimiz hazır modeli təkrarlamaq deyil. Məqsəd beynəlxalq təcrübəni öyrənərək onu Azərbaycanın hüquqi və sosial reallıqlarına uyğunlaşdırmaq, uşağın hüquq və mənafeyini daha effektiv qoruyan, dayanıqlı və milli xüsusiyyətlərimizi nəzərə alan müdafiə mexanizmlərini inkişaf etdirməkdir.
Şəlalə Camal
Azmedia.Az


