Yevlaxda dünyasını dəyişən 16 yaşlı qızın atası danışdı - FOTO
Yevlaxda 16 yaşlı qızın ölümü ilə bağlı ailəsi danışıb
Azmedia.Az-ın məlumatına görə, Yevlax şəhər sakini, 2010-cu il təvəllüdlü Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən həyatını itirib.
Hadisə ilə bağlı Azmedia.Az-a danışan yeniyetmənin atası Xalid Vidadi oğlu Əzizov bildirib ki, qızı hadisə zamanı xalasıgilə qonaq gedib.
"Qızım xalasıgilə qonaq getmişdi. Elə oradan da evimizə acı xəbər gəldi. Hələ də özümüzə gələ bilməmişik. Nəyin necə baş verdiyini tam anlaya bilmirik. Bildiyimiz odur ki, qonaqlıq zamanı yemək yedikdən bir müddət sonra halı pisləşib, qusmağa başlayıb. Yaxınları onu xəstəxanaya çatdırıblar. Lakin həkimlər ilkin müayinə zamanı Mədinənin yolda dünyasını dəyişdiyini bildiriblər. Hazırda müayinələrin və analizlərin nəticəsini gözləyirik ki, ölümün dəqiq səbəbi müəyyən olunsun."
Ata bildirib ki, ailə hadisənin hansı qidadan qaynaqlandığını dəqiq bilmir və bu barədə yalnız ekspertiza rəyi açıqlandıqdan sonra fikir bildirməyin mümkün olacağını deyib.
Xalid Əzizov qeyd edib ki, Mədinə ailənin dörd övladından biri idi. O, Yevlax şəhər 10 nömrəli tam orta məktəbin şagirdi olub və yeni tədris ilində 11-ci sinifdə təhsilini davam etdirməli idi.
"Çox təəssüf ki, qızımın arzuları yarımçıq qaldı. Mən fəhlə işləyirəm, hadisə baş verən vaxt işdə idim. Hazırda yaşadıqlarımızı sözlə ifadə etmək çox çətindir."
Faktla bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbi ekspertiza və laborator müayinələrin nəticələrindən sonra məlum olacaq.
Ehtiram Muradov
Azmedia.Az


