150 diplomat Qarabağ və Şərqi Zəngəzurda: səfərin ikinci günü başladı

150 diplomat Qarabağ və Şərqi Zəngəzurda: səfərin ikinci günü başladı

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndə heyətinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri davam edir.

Azmedia.Az xəbər verir ki, xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci gününə start verilib.

Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən ümumilikdə 150 nəfər iştirak edir.

Nümayəndə heyətinə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir və diplomatlar onun müşayiəti ilə bölgəyə səfər edirlər.

Səfərin ikinci günü çərçivəsində nümayəndə heyətinin Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri ilə tanış olması nəzərdə tutulur.

Diplomatlara regionda reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri barədə məlumat veriləcək. Bununla yanaşı, tarixi-mədəni irs obyektlərinin hazırkı vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən işlər də nümayəndə heyətinin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri 2020-ci ildən etibarən davam edir. Hazırkı səfər bu ərazilərə təşkil olunan 22-ci səfərdir.