AZTV-DƏ BÖYÜK DƏYİŞİKLİK GÖZLƏNİLİR – YENİ KANALLAR YARADILA BİLƏR
Azərbaycan Televiziyasında yeni televiziya mövsümü ərəfəsində köklü struktur dəyişikliklərinin baş verəcəyi iddia olunur.
Azmedia.Az xəbər verir ki, məlumata görə, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mövcud televiziya strukturunun yenilənməsi və müxtəlif istiqamətlər üzrə yeni kanalların yaradılması müzakirə olunur.
İddialara əsasən, hazırda ayrıca fəaliyyət göstərən Mədəniyyət TV və İdman TV-nin mövcud formatda fəaliyyətinə son verilə, onların əvəzinə AzTV brendi altında tematik televiziya kanalları formalaşdırıla bilər.
Məlumatda yeni struktur çərçivəsində aşağıdakı istiqamətlər üzrə kanalların fəaliyyət göstərməsinin nəzərdə tutulduğu bildirilir:
AzTV 1 – əsasən siyasi, ictimai və informasiya xarakterli proqramlar;
AzTV 2 – musiqi, əyləncə, mədəniyyət və müxtəlif şou layihələri;
AzTV Sport – idman yarışları, idman proqramları və digər idman məzmunları;
AzTV Uşaq – uşaqlar üçün nəzərdə tutulan proqram və layihələr;
AzTV İrs – milli-mədəni irs, tarix və Azərbaycanın tarixi-mədəni dəyərlərinə həsr olunan məzmunlar.
Hazırda bu məlumatlar iddia xarakterlidir. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rəsmi saytında isə qurumun mövcud strukturunda AzTV, İdman TV və Mədəniyyət TV ilə yanaşı Azərbaycan Radiosu, Beynəlxalq Radio və digər bölmələr göstərilir.
Bu səbəbdən yeni kanal formatlarının yaradılması ilə bağlı məlumatın rəsmi təsdiqlənməsini gözləmək lazımdır.
///SKNDL MAG


