SUMQAYIT TİBB MƏRKƏZİNDƏ 13 ƏMƏKDAŞ İŞDƏN ÇIXARILIB — QƏRARIN SƏBƏBİ NƏDİR?
Sumqayıt Tibb Mərkəzində 13 əməkdaşın işdən azad edilməsi ilə bağlı narazılıq yaranıb. İşçilər qərarın əsaslandırılması və prosesin aparılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılmasını istəyirlər.
Azmedia.Az xəbər verir ki, Sumqayıt tibb müəssisəsində işdən azad olunan 13 nəfər arasında müxtəlif vəzifələrdə çalışan əməkdaşların olduğu bildirilir.
Məlumata görə, 2026-cı ilin iyul ayında TƏBİB tərəfindən Sumqayıt Tibb Mərkəzində aparılan yoxlamaların nəticələri əsasında akt tərtib edilib. Mənbənin bildirdiyinə görə, avqustun 5-də hazırlanmış sənəddən sonra 13 əməkdaşın əmək müqaviləsinə xitam verilməsi məsələsi gündəmə gəlib.
Daha sonra həmin əməkdaşlarla bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verildiyi bildirilir.
İşdən azad olunan əməkdaşların sözlərinə görə, qərarın qəbul edilməsi zamanı prosesin obyektiv və hərtərəfli araşdırılmadığı ilə bağlı suallar yaranıb. Onlar işdən azad edilmələrinin əsaslarının, irəli sürülən iddiaların və yoxlama zamanı müəyyənləşdirildiyi bildirilən halların tam şəkildə araşdırılmasını istəyirlər.
Əməkdaşlar bildirirlər ki, uzun müddət tibb müəssisəsində fəaliyyət göstərmələrinə baxmayaraq, əmək münasibətlərinə xitam verilməsi ilə bağlı qərarla razı deyillər və məsələnin aidiyyəti qurumlar tərəfindən yenidən araşdırılmasını tələb edirlər.
Bundan əlavə qeyd olunur ki,13 əməkdaşın işdən azad edilməsinə müxtəlif məsələlərin, o cümlədən tibbi sənədləşmə və arayışlarla bağlı halların səbəb olduğu bildirilir. İşçilər isə həmin halların hər biri üzrə konkret vəziyyətin və məsuliyyətin ayrı-ayrılıqda müəyyənləşdirilməsinin vacib olduğunu qeyd edirlər.
Məsələ ilə bağlı Sumqayıt şəhər səhiyyə işçilərinin Həmkarlar İttifaqı Şurasında da müzakirə aparıldığı bildirilir. Lakin iddiaya görə, müzakirədən sonra əməkdaşların işdən azad edilməsi ilə bağlı qərarda dəyişiklik edilməyib.
Hazırda 13 əməkdaşın işdən azad edilməsinə dair əmrlər, yoxlama aktı və digər müvafiq sənədlərin tam məzmunu barədə məlumat əldə edilməyib.
Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin konkret halda tətbiqinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması iş üzrə sənədlər, müəyyən edilmiş hallar və əməkdaşlara aid edilən pozuntuların araşdırılması əsasında qiymətləndirilə bilər.


