Mərhum jurnalistin məzarından oğurlanan barelyef hissələrə doğranmış halda aşkarlanıb-
Bakıdakı İkinci Fəxri xiyabanda mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı bürünc barelyef oğurlanıb. Hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb.
Azmedia.Az xəbər verir ki, hadisə sentyabrın 9-u səhər saatlarında İkinci Fəxri xiyabanda, Qurd qapısı ərazisində baş verib.
Məlumata görə, Nəcəf Nəcəfovun məzarının başdaşına quraşdırılmış bürünc barelyef oğurlanıb. Sözügedən barelyefdə vaxtilə onun rəhbərlik etdiyi “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsi əks olunub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov saxlanılıb.
Araşdırma zamanı oğurlanmış barelyefin satıldığı yer də müəyyənləşdirilib. Barelyef həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülüb.
Baxış zamanı barelyefin hissələrə doğrandığı müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq və digər zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, Nəcəf Nəcəfov 1980–1990-cı illərdə “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin redaktoru olub. O, sonrakı fəaliyyətində milli azadlıq hərəkatının liderlərindən biri kimi tanınıb və Əbülfəz Elçibəyin prezidentliyi dövründə prezidentin müşaviri vəzifəsində çalışıb.
Nəcəf Nəcəfov 1999-cu ildə vəfat edib. 2004-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı xidmətlərinə görə ölümündən sonra “Şöhrət” ordeni ilə təltif olunub.


