Zelenskidən Putinlə görüşlə bağlı açıqlama: “Yalnız nəticə əhəmiyyət kəsb edəcək”
Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında ABŞ-də keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirib.
Azmedia.Az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.
Zelenski bu barədə jurnalistlərə müsahibəsində danışıb.
Ukrayna Prezidenti görüşün keçirilməsinin vacib olduğunu vurğulayıb və tərəflərin bir araya gələrək müzakirələr aparmalı və qərarlar qəbul etməli olduğunu bildirib.
“Bəli, əlbəttə. Biz getməliyik. Biz görüşməli, danışmalı və qərarlar qəbul etməliyik”, - deyə Zelenski qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, Putinlə görüş zamanı ona konkret olaraq hansı fikirləri çatdıracağından daha çox, görüşün nəticəsi əhəmiyyət daşıyır.
Zelenski vurğulayıb ki, əsas məsələ yekun nəticə olacaq.
Qeyd edək ki, G20 sammitinin dekabrın 14-15-də ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə “Trump National Doral Miami” qolf klubunda keçirilməsi planlaşdırılır.
Rusiya sammitə dəvət olunub və hazırda onun tədbirdə iştirak formatı üzərində iş aparılır.
Cənubi Afrika Respublikası Vaşinqtonla yaşanan diplomatik fikir ayrılıqları səbəbindən sammitə dəvət edilməyib. Tədbirə dəvət olunan qonaqlar arasında Qazaxıstan və Özbəkistan liderləri də yer alır.
Sammitin rəsmi internet səhifəsindəki məlumatlara əsasən, G20 üzvü olmayan, lakin tədbirə dəvət edilən ölkələrin siyahısında Ukraynanın adı hələlik yer almır.


