Hikmət Hacıyev və İran səfiri “İstisu” içdilər – İlham Əliyev və Pezeşkianın ənənəsi davam etdirildi
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında Bişkekdə formalaşan “İstisu” içmək ənənəsi Kəlbəcərdə davam etdirilib.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Kəlbəcərdə yerləşən “İstisu” mineral su zavodunda bu ənənəni davam etdiriblər.
Diplomatik korpus nümayəndələrinin Kəlbəcərdəki “İstisu” zavoduna səfəri zamanı Hikmət Hacıyev və Müctəba Dəmirçilu Azərbaycan və İran prezidentləri arasında yaranmış ənənəyə uyğun olaraq “İstisu” məhsulundan içiblər.
Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian yaxşı bir ənənənin əsasını qoyublar.
Prezidentin köməkçisi qeyd edib ki, məhz bu ənənənin davamı olaraq İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə birlikdə “İstisu” içmək qərarına gəliblər.
Hikmət Hacıyev, həmçinin “İstisu” mineral suyunun İran xalqına çatdırılması istiqamətində imkanların birgə nəzərdən keçiriləcəyini bildirib və İran tərəfinin bu məhsulun dadını yüksək qiymətləndirəcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında maraqlı dialoq baş tutub.
Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində keçirilən görüş zamanı İlham Əliyev iranlı həmkarına Azərbaycandan gətirdiyi “İstisu” mineral suyunun dadına baxmağı təklif edib.
Daha sonra Azərbaycan və İran prezidentləri həmin sudan içiblər.


