Heyvana işgəncə verənləri bu cərimələr gözləyir – Məbləğlər açıqlandı
Heyvanlara ağrı və əzab vermək, onları döymək və ya döyüşdürmək qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır. Belə əməllərə görə tətbiq edilən cərimələrin məbləği açıqlanıb.
Azmedia.Az xəbər verir ki, küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvanlara ağrı, əzab və işgəncə verilməsi, onların döyülməsi və ya döyüşdürülməsi qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində heyvanlarla rəhmsiz rəftara görə konkret cərimələr müəyyənləşdirilib.
Belə ki, heyvana ağrı, əzab və işgəncə vermək, onu döymək və ya döyüşdürmək 500 manatdan 800 manatadək cərimə ilə nəticələnə bilər.
Bu hərəkətlər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədilərsə, cərimənin məbləği 800 manatdan 1000 manatadək artır.
Rəhmsiz rəftar nəticəsində heyvan şikəst edilərsə, bu əmələ görə 1000 manatdan 1500 manatadək cərimə nəzərdə tutulur.
Heyvana qarşı zorakılıq onun tələf olması ilə nəticələnərsə, cərimənin məbləği 1500 manatdan 2000 manatadək ola bilər. Bu halda işin hallarından və şəxsin vəziyyətindən asılı olaraq bir ayadək inzibati həbs də tətbiq edilə bilər.
Bundan əlavə, heyvanlarla rəhmsiz rəftarın təbliğ olunması, bu cür davranışa açıq çağırışların edilməsi və həmin görüntülərdən kommersiya məqsədilə istifadə olunması da ayrıca məsuliyyət yaradır. Bu əməllərə görə 1000 manatdan 1500 manatadək cərimə və ya müəyyən hallarda bir ayadək inzibati həbs tətbiq edilə bilər.
Qanunvericilikdəki bu normalar heyvanın küçədə yaşamasının ona qarşı zorakılığa haqq qazandırmadığını göstərir.
Hadisənin şahidi olan şəxslər isə öz təhlükəsizliklərini nəzərə alaraq mümkün sübutları, o cümlədən foto və video görüntüləri qorumaqla aidiyyəti qurumlara məlumat verə bilərlər.


