Zöhrə Abdullayevanın həyatındakı ağır faciələr: Oğlunun ölümündən sonra yaşadığı ağrı və “cadu” etirafı- FOTO

Zöhrə Abdullayevanın həyatındakı ağır faciələr: Oğlunun ölümündən sonra yaşadığı ağrı və “cadu” etirafı-

Azərbaycanın tanınmış müğənnisi Zöhrə Abdullayevanın həyatında həm sənət fəaliyyəti, həm də şəxsi həyatı ilə bağlı yadda qalan hadisələr olub. Müğənni oğlu İsrafilin vəfatından sonra 16 kiloqram arıqladığını, yaşadığı böyük ağrıdan uzun müddət özünə gələ bilmədiyini bildirib. O, həmçinin illər əvvəl evində baş verdiyini iddia etdiyi qeyri-adi hadisələrdən və cadu ilə bağlı düşüncələrindən danışıb.

Azmedia.Az xəbər verir ki, Zöhrə Abdulla qızı Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. O, Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. Ustad sənətkarlardan fərdi muğam sənəti üzrə dərslər alıb. Onun müəllimləri arasında Sara Qədimova, Əbülfət Əliyev və Münəvvər Kələntərli də olub. İlk müəllimi isə Rəhilə Həsənova olub.

Qaqarin adına Pionerlər Evinə gedən balaca Zöhrəni Rəhilə Həsənova “Sazlı qızlar ansamblı”na aparıb. Onu peşəkar səhnəyə isə İslam Rzayev gətirib.

Əvvəl “Lalə qızlar ansamblı”nın, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərlə tanınıb. Onların birgə 12 silsilə dueti olub. Bu mahnıların hamısının söz və musiqisini Məmmədbağır Bağırzadə yazıb. Onlar birlikdə “Həccə gedirəm”, “Gəlin gəlir evimizə”, “Bağban, ay bağban”, “Şuşa maralı” kimi mahnıları ifa ediblər.

Zöhrə Abdullayeva bununla yanaşı, xalq və bəstəkar mahnıları, həmçinin muğamlar da ifa edib.

Məmmədbağır Bağırzadə ilə duet oxuduğuna görə onlar haqqında müxtəlif şayiələr yayılıb. Hətta onların vətəndaş nikahında yaşadığı da iddia olunub. Lakin müğənni bu fikirləri təkzib edərək deyib:

“Məmmədbağırın öz sevgilisi var idi və həmin xanımla indi də yaxınam. O, dünyasını dəyişəndə əli onun əlində idi. Məmmədbağır mənə qardaşım əvəzi olub. O qədər doğmaydıq ki… O, mənim ağzımın çörəyi idi. Məmmədbağır böyük şəxsiyyət olduğuna görə heç vaxt “bacı” dediyi adama pis gözlə baxmazdı. O qadınla iyirmi il yaşadı”.

Zöhrə Abdullayeva dünyanın 30 ölkəsində Azərbaycan musiqisini təbliğ edib. 1985-ci ildə “İstedadlar axtarılır” müsabiqəsinin qalibi olub. 2000-ci ildə İraqda keçirilən Babil festivalının diplomuna, eləcə də müxtəlif illərdə bir çox diplomlara layiq görülüb.

Zöhrə Abdullayeva cadu və “qıfıl” barədə danışıb

Zöhrə Abdullayeva Allaha inandığı qədər kəm gözlərə və caduya da inandığını bildirib. Müsahibələrinin birində bu barədə danışan müğənni evində baş verdiyini iddia etdiyi hadisələri belə xatırlayıb:

“Caduya həm inanıram, həm də yox. Bir dəfə evdə neylon pərdəmdə 5 barmaq izi gördüm. Onu nə qədər yudum, ağardıcılara da, xlora da qoydum, ləkələr getmədi. Amma mən o evdə yaşayanda ruzim də yox idi, işlərim də çətin gedirdi. Sonra biz o pərdəni atdıq və onu küçə təmizləyən götürdü. İnanırsınız, onun da işləri çox pis oldu. Bahalı da pərdə idi, dedi Zöhrə xanım, bu pərdəni niyə atmısınız? Dedim ki, ipdən düşüb. O qaytarmaq istədi, amma mən götürmədim. Sonra eşitdim ki, yazıq arvad bir günlərə qalıb ki… Özü süpürgəçi idi, amma sonra çox ağır günlərə düşdü. Gördüm yazığı, dedim o pərdəni tulla.

Bir yaxın qohumumuz var idi. O gəlib-gedirdi bizə. Bəlkə də o idi. Çünki insanların daxilini bilmək olmur. Biz evimizi dəyişəndə, mən yataq dəstimi qardaşımın ailəsinə bağışladım. İnanmazsınız, döşəyi qaldıranda oradan yağın içində bir qıfıl çıxdı. Mən onda anamla yatırdım, rəhmətlik. Mənə elə gəlir ki, bəlkə də mənim anamı elə o yağ apardı. Təsəvvür edin, yatdığımız vaxtda, gecə saat 3-də ikimizin də ayağımızdan elə bil dartdılar. Sən demə, orada qıfıl var imiş. Anamı cadu öldürdü”.

Zöhrə Abdullayeva inanclı insan olub. Həcc ziyarətində olub. Əvvəllər namaz qıldığını və oruc tutduğunu, lakin sonradan işlərinin çoxluğu səbəbindən buna imkan tapa bilmədiyini deyib.

Müğənni 16 yaşında ailə həyatı qurub. Bu evlilikdən onun İsrafil adlı oğlu olub. Zöhrə Abdullayeva öz bacısı qızını oğluna alıb.

Birinci evliliyindən sonra müğənni bir daha ailə qurmayıb. O, müsahibələrinin birində şəxsi həyatı barədə belə danışıb:

“Mənim şəxsi həyatım yoxdur. Nəvələrimlə, oğlumla sevinirəm. Yaxşı ki, Allah onu mənə ağıllı verib. Çox təvazökar, müdrik, namuslu gəlinim var. Bu barədə çox bəxtəvərəm. Amma iyirmi altı ildir təkəm. Ən gözəl illərimi tək qaldım. Dul qalmaq istəməzdim. Kim istəyər ki, əri ölsün, tənha qalsın? Amma mənə layiq insan olmadı”.

Deyilənlərə görə, xalq mahnısı kimi bilinən “Qarabağ maralı” mahnısının sözləri və musiqisi İsgəndər Novruzlu adlı şəxsə məxsus olub və o, bu mahnını Zöhrə Abdullayevanın anasına ithaf edib.

Oğlunun ölümü Zöhrə Abdullayevanı sarsıtdı

Müğənninin oğlu 24 may 2018-ci ildə beyin xərçəngi xəstəliyindən 47 yaşında vəfat edib. Onun bir qızı və bir oğlu qalıb.

Bu itki Zöhrə Abdullayevanın həyatına böyük zərbə vurub. O, 16 kiloqram arıqlayıb və tanınmaz hala düşüb. Uzun müddət sonra ilk dəfə efirə çıxan Zöhrə Abdullayeva yaşadığı ağrıdan danışaraq bildirib:

“Elə bil hiss etmişdim ki, həyatımda bir sunami olacaq. Həyatımda hər şey sakit və rəvan idi, bu dərəcədə ola bilməzdi axı! Allah kaş mənə nə isə edəydi… Ağıllı balam ağıllı başından xəstələndi. Qəfil oldu, səbəbini bilmədik. Həkim deyir, ola bilər başı haçansa harasa dəyib. Doğrudan da bir dəfə bağda 2-ci mərtəbədən yıxılmışdı. Amma başı dəymədi axı… İndi də deyirlər yazıdır, bəlkə mənə ürək-dirək verirlər. Balam ağıllı balalar, ağıllı həyat yoldaşı qoyub gedib. Hər şərait yaradıb onlara.

Amma mənə özü lazımdır. Özünü istəyirəm! Balamı istəyirəm! Razıyam e, yuxuma gəlib mənə desin ki, yerim yaxşıdır, ağlama. Görün nə həddir ki, ona da razıyam!”

Zöhrə Abdullayeva uzun sürən xəstəlikdən sonra 2021-ci ildə dünyasını dəyişib. O, Xırdalan şəhər qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.