ADNSU-dan tələbələr üçün nümunəvi addım: Gecikmələr nəzərə alınacaq
Bakıda Formula 1 yarışının keçirilməsi, metro və şəhərin müxtəlif ərazilərində aparılan təmir işləri nəqliyyatın hərəkətində çətinliklər və sıxlıq yarada bilər.
Azmedia.Az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qarşıdakı iki həftə ərzində tələbələrin dərsə gecikmələri nəzərə alınacaq.
Universitetdə bildirilib ki, Formula 1 yarışı, metroda və şəhərin müxtəlif ərazilərində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatda yarana biləcək sıxlıq və hərəkət çətinlikləri nəzərə alınacaq.
Bu səbəbdən tələbələrin dərsə gecikmələrinə anlayışla yanaşılacaq. Eyni zamanda universitet ərazisində tələbələrin giriş və çıxışı zamanı yarana biləcək sıxlıq nəzarətdə saxlanılacaq.
Tələbələrin təhlükəsizliyinin təmin olunması məqsədilə onlardan müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl etmələri xahiş edilib. Xüsusilə pilləkənlərdən istifadə zamanı tələsməmək, bir-birlərinə yol vermək və sıxlıq zamanı ehtiyatlı davranmaq tövsiyə olunub.
Qeyd edilib ki, qarşıdakı müddətdə tələbələrin rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün universitet tərəfindən zəruri tədbirlər görüləcək.
ADNSU rəhbərliyi anlayış və əməkdaşlığa görə tələbələrə təşəkkürünü bildirib.


