Sumqayıtda 18 yaşlı gənc 15 yaşlı sevgilisini küçənin ortasında DÖYDÜ – MƏHKƏMƏ QƏRARI
Sumqayıtda azyaşlı qızın sevgilisi tərəfindən döyülməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub.
Azmedia.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində, yaşayış binalarından birinin arxasında qeydə alınıb.
Məlumata görə, 18 yaşlı Samir Musayev (şərti ad) sevgi münasibətində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti ad) baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Zərbənin təsirindən yerə yıxılan yeniyetmə müxtəlif xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.
Faktla bağlı S.Musayev saxlanılıb və barəsində cinayət işi başlanılıb.
Məlumata görə, hadisəyə qısqanclıq səbəb olub. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlə barışdığını və ona dəymiş ziyanı ödədiyini bildirib. Orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan Mahirə də Samirə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S.Musayev cinayət məsuliyyətindən azad olunub.


