Prezidentin videosunu montaj edib Türkiyəyə mesaj kimi təqdim etdilər – AÇIQLAMA

Prezidentin videosunu montaj edib Türkiyəyə mesaj kimi təqdim etdilər –

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə əvvəlki illərdəki çıxışından səs yazısı əlavə edilərək yayılan video Türkiyənin bəzi media resurslarında fərqli məzmunda təqdim olunub. Materialın dövlət başçısının rəsmi paylaşımı kimi göstərilməsi və Türkiyəyə ünvanlanmış siyasi mesaj kimi şərh edilməsi müzakirələrə səbəb olub.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ilə bağlı narazılıq ifadə olunub.

Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşımı kimi təqdim edilməsi, daha sonra isə onun Türkiyəyə ünvanlanmış mesaj olub-olmadığının müzakirəyə çıxarılması jurnalistikanın əsas yoxlama prinsipləri ilə uzlaşmır.

İlk növbədə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin “TikTok” platformasında rəsmi hesabı yoxdur.

Bu səbəbdən həmin platformada yayılan videonu “Azərbaycan Prezidentinin paylaşımı” kimi təqdim etmək üçün heç bir əsas mövcud deyil.

Buna baxmayaraq, “Milli Gazete” və “Sonsöz” kimi nəşrlərdə sözügedən video İlham Əliyevin rəsmi “TikTok” hesabından paylaşılmış material kimi təqdim olunub. Beləliklə, mövcud olmayan rəsmi hesaba istinad xəbər mətnlərində də yer alıb. Sosial şəbəkələrdə isə məsələ daha da genişləndirilərək videonun Türkiyəyə mesaj olub-olmadığı müzakirəyə çıxarılıb.

Halbuki videoda səsləndirilən ifadələrin həm mənbəyi, həm tarixi, həm də konteksti məlumdur.

Belə ki, həmin sözlər Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə xalqa müraciəti zamanı səsləndirilib. Dövlət başçısı çıxışında Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən, Ermənistanın məğlubiyyətindən və üçtərəfli bəyanatdan danışıb. Azərbaycan xalqının səbri ilə oynamağın nəticələri barədə xəbərdarlıq da məhz həmin kontekstdə ifadə olunub. Çıxışın tam mətni Prezidentin rəsmi internet səhifəsində açıq şəkildə yerləşdirilib.

Bu fikirlərin Türkiyənin hazırkı gündəminə ünvanlanmış yeni bəyanat kimi təqdim edilməsi onların tarixi məzmununun təhrif olunması deməkdir.

Məlumatın düzgünlüyünü yoxlamaq üçün xüsusi araşdırmaya ehtiyac olmayıb. Sadəcə, hesabın rəsmi olub-olmadığını dəqiqləşdirmək və çıxışın ilkin mənbəyinə müraciət etmək kifayət edərdi.

Bu gün istənilən istifadəçi sosial şəbəkədə hesab aça, Prezidentin görüntülərini paylaşa, üzərinə onun başqa tarixdəki çıxışından səs əlavə edə və istədiyi başlığı yaza bilər. Videonun üzərinə yeni tarix qeyd edilməsi çıxışın yenilənməsi demək deyil. Paylaşımın çoxsaylı baxış toplaması da onu rəsmi bəyanata çevirmir. Hesabın adında Prezidentin adının və profilində şəklinin yer alması həmin səhifəyə dövlət başçısının adından danışmaq səlahiyyəti vermir.

Adi sosial şəbəkə istifadəçisinin yol verdiyi səhvin peşəkar media qurumları tərəfindən təkrarlanması isə yanlış məlumatın daha geniş auditoriyaya yayılmasına və xəbər statusu qazanmasına səbəb olur. Buna görə də böyük media qurumlarının, jurnalistlərin və geniş izləyici kütləsinə malik hesabların məsuliyyəti daha böyükdür.

Məsələ ilə bağlı materialda Türkiyənin bəzi media resurslarının nümayiş etdirdiyi yanaşma məsuliyyətsiz hesab olunur. Azərbaycan Prezidentinə aid materialın yoxlanılmadan yayılması, ardınca isə həmin görüntülər əsasında dövlətlərarası münasibətlər barədə mülahizələr irəli sürülməsi qəbuledilməz yanaşma kimi qiymətləndirilir. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən zaman xüsusilə dəqiqlik və təmkin nümayiş etdirilməsinin vacibliyi vurğulanır.

Prezidentin hər hansı ölkəyə mesaj verdiyini iddia edən media qurumları ilk növbədə həmin mesajın həqiqətən dövlət başçısı tərəfindən səsləndirildiyini yoxlamalıdırlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəsmi “Instagram”, “YouTube”, “Facebook” və “X” hesablarına keçidlər president.az saytında yerləşdirilib. Etibarlı məlumat əldə etmək üçün müraciət ediləcək rəsmi mənbələr ictimaiyyət üçün açıqdır.

Türkiyədəki media nümayəndələrinə və geniş auditoriyaya malik sosial şəbəkə istifadəçilərinə belə materiallara məsuliyyətlə yanaşmaq çağırışı edilib. Yanlış məlumatı yayan redaksiyalardan isə yayımladıqları xəbərləri düzəltmələri və oxucularına məsələ ilə bağlı aydın izahat vermələri gözlənilir.

Vurğulanıb ki, auditoriyaya hörmət, ilk növbədə, yoxlanılmış məlumatın təqdim edilməsindən başlayır. İllər əvvəl səsləndirilmiş çıxışdan istifadə edərək bugünkü qarşıdurma üçün başlıq hazırlamaq peşəkar jurnalistika prinsiplərinə uyğun deyil.