Bakıda beynəlxalq festival çərçivəsində qeyri-adi tamaşa nümayiş etdirildi – FOTO
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində yaddaş, qadınların hekayələri və mənəvi yenilənmə mövzularını əhatə edən “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub.
Azmedia.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən, müasir incəsənətə həsr olunmuş beynəlxalq mədəniyyət məkanı “Wadi AlFann”ın sifarişi ilə hazırlanan “Zikra: xatirələr gecəsi” tamaşası çoxsaylı mükafatlara layiq görülmüş rejissor və xoreoqraf Əkrəm Xanın son yaradıcılıq işidir.
Müasir rəqs və klassik hind rəqsinin özünəməxsus hərəkət dilini bir araya gətirən Əkrəm Xan bu layihədə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq edib. Tamaşanın səhnə tərtibatı və geyim dizaynı da Mənal Əl-Dovayan tərəfindən hazırlanıb. Layihə Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Fondunun tərəfdaşlığı ilə təqdim olunur.
Ərəb dilində “yaddaş” və “xatırlama” mənalarını ifadə edən “Zikra” bir gecəlik ritual kimi düşünülüb. Tamaşada qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşaraq keçmişlə bu günü birləşdirir, mənəvi yenilənmə aktını həyata keçirirlər.
Tamaşanın orijinal musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib. Musiqinin hazırlanmasında 40-dan çox beynəlxalq ifaçı iştirak edib. Buraya Əl-Ula şəhərinin yerli musiqiçilərinin ifalarının audio yazıları da daxildir. Layihə Əl-Ulanın incəsənət və dizayn mərkəzi olan “Madrasat Addeera”, Əl-Ula Musiqi Mərkəzi və yerli icma üzvləri ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
“Akram Khan Company”nin bədii rəhbəri və həmtəsisçisi Əkrəm Xan bildirib ki, “Zikra: xatirələr gecəsi” yaddaş, nələri gələcəyə daşımağı seçdiyimiz və nələri geridə qoymalı olduğumuz barədə şəxsi və mənəvi düşüncələri əks etdirən əsərdir.
O qeyd edib ki, Mənal Əl-Dovayan ilə əməkdaşlıq etmək və Əl-Ulanın təbii mənzərələri fonunda “Zikra”nı yaratmaq ona incəsənətin müxtəlif mədəniyyətləri, coğrafiyaları və nəsilləri birləşdirmək gücünü bir daha xatırladıb.
Əkrəm Xan əlavə edib ki, bu əsər şirkətin hazırkı yaradıcılıq mərhələsi üçün mənalı bir yekun təsiri bağışlayır. Tamaşa son 25 ildə onları formalaşdıran hekayələrin, ideyaların və əlaqələrin bir növ bayramıdır.
Tamaşanın vizual dünyası “Wadi AlFann”ın rəssamı Mənal Əl-Dovayan tərəfindən yaradılıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.
“Zikra” layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın irsindən qaynaqlanan həndəsi naxışlar isə hər bir obrazın rolunu və simvolik mənasını vurğulayır.
Mənal Əl-Dovayan bildirib ki, “Zikra: xatirələr gecəsi” yaddaşın gücü, qadınların hekayələri və icmanın birliyi haqqındadır.
O, layihənin özü üçün şəxsi baxımdan da mühüm mərhələ olduğunu vurğulayıb. Rəssam qeyd edib ki, ilk dəfədir həm geyim, həm də səhnə tərtibatı üzərində çalışır. Eyni zamanda, bu, dostu və böyük yaradıcılıq potensialına malik Əkrəm Xanla ilk əməkdaşlığıdır.
Mənal Əl-Dovayan əlavə edib ki, bu unikal fürsət ona ifaçılıq sənətini öz yaradıcılıq fəaliyyətinə daxil etmək, səhnə performansını, səsi, geyim dizaynını və yerli sənətkarlığı bir araya gətirərək keçmişə ehtiram göstərmək və gələcəyə ilham vermək imkanı yaradıb.
Əsər Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiət mənzərələrindən ilhamlanaraq hazırlanıb. Tamaşanın məkan üçün xüsusi olaraq yaradılmış dünya premyerası 2025-ci ilin yanvarında Əl-Ulanın qədim vahəsində, səhranın qayalı kanyonları fonunda, açıq səma altında nümayiş etdirilib. Təqdimat “AlUla Arts Festival 2025” çərçivəsində baş tutub.


