Bakıda yanğın hadisəsini çəkən APA TV müxbirinə hücum çəkdilər, avadanlığa da zərər vurdular- VİDEO
Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş verən güclü yanğını işıqlandıran APA TV-nin müxbiri Sənan Bəhrəmli hücuma məruz qalıb. Hadisə zamanı jurnalistə fiziki xəsarət yetirildiyi və telekanalın texniki avadanlığına zərər vurulduğu bildirilir.
Azmedia.Az xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunan APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı zorakılıq edilib.
Ölkə.az-ın APA-ya istinadən verdiyi məlumata görə, peşə fəaliyyətini yerinə yetirən jurnalistə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib.
Əvvəlcə şəxsiyyətini açıqlamaqdan imtina edən həmin şəxs Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu ağır söyüşlərlə təhqir edib və APA TV-yə məxsus texniki avadanlığa zərər vurub.
Sonradan APA TV tərəfindən aparılan dəqiqləşdirmə nəticəsində jurnalistə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.
Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində H. Sərdarov ərazidən uzaqlaşdırılıb.
Polis hadisə ilə bağlı Sənan Bəhrəmlidən ilkin ifadə alıb.


