Bakıda sürücüsüz taksilər fəaliyyətə başlayacaq
Sürücüsüz avtomobillərin nəqliyyat sektorunda tətbiqi dünyada yeni imkanlar yaratsa da, bu texnologiyanın Azərbaycanda geniş yayılması bir sıra iqtisadi və infrastruktur amillərindən asılıdır. Avtomobillərin yüksək qiyməti, texniki xidmət xərcləri və yol hərəkətinin mövcud vəziyyəti onların yaxın illərdə taksi xidmətlərində kütləvi istifadəsini çətinləşdirə bilər. Bəs sürücüsüz avtomobillər Azərbaycanda taksi bazarına nə vaxt daxil ola bilər və bu yenilik ənənəvi taksi sürücülərinin qazancına necə təsir edəcək?
Azmedia.Az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov ekologiya.az-a bildirib ki, bu avtomobillər çox bahadır:
“Bu avtomobillərin ölkəyə gətirilməsi və istismara verilməsi kifayət qədər yüksək xərc tələb edir. Ona görə də sahibkarın belə bir avtomobili alıb 2-5 manatlıq taksi xidmətinə yönəltməsi hazırkı dövrdə real görünmür. Yaxın 5-10 il ərzində bu tip nəqliyyat vasitələri daha çox prestij və imkan göstəricisi kimi istifadə olunacaq. Yəni müəyyən şəxslərin şəxsi avtomobili statusunda olacaq. Bu səbəbdən yaxın dövrdə onların geniş şəkildə tətbiq olunacağını gözləmirəm. Gələcəkdə isə belə texnologiyaların yayılması mümkündür. Amma bunun üçün ilk növbədə ümumi yol hərəkəti sistemi tam oturuşmalı, bütün sürücülər yol hərəkəti qaydalarına eyni səviyyədə əməl etməlidir. Hazırkı vəziyyətdə bunu tam şəkildə tətbiq etmək faktiki olaraq qeyri-mümkündür. Taksi sürücülərinində bununla bağlı narahat olmağa əsas yoxdur. Hər kəsin öz işi, öz qazancı var”.
O deyib ki, bu məsələ hazırda sadəcə qanun layihəsi səviyyəsində müzakirə olunur:
“Üstəlik, burada söhbət yalnız avtomobillərdən getmir. Layihə dənizçilik, yükdaşıma və digər xidmət sahələrini də əhatə edir. Təəssüf edirəm ki, bəzi sürücülər məsələyə yalnız sərnişindaşıma prizmasından yanaşırlar. Qiymət məsələsinə gəlincə isə, burada əsas amil bazar iqtisadiyyatı olacaq. Standart tariflər formalaşacaq və tələb-təklif münasibətləri qiymətləri müəyyən edəcək. Əgər sürücüsüz avtomobil daha baha xidmət göstərərsə, vətəndaş daha sərfəli variantı seçəcək. Burada sahibkar yanaşması da vacibdir. Sahibkar hesablayır ki, əgər bir sürücüsüz avtomobilə 70-90 min manat xərc çəkəcəksə, həmin vəsaitə bir neçə adi avtomobil alıb daha çox gəlir əldə edə bilər. Üstəlik, həmin avtomobillərdə bir neçə sürücü işləyib ailəsini dolandıra bilər. Digər tərəfdən, bahalı avtomobillərin təmiri, texniki xidməti və digər prosedurları da baha başa gəlir. Yəni belə nəqliyyat vasitələrinin saxlanılması ucuz proses deyil”.


