Böyük Qayıdış davam edir: Xocavəndin üç yaşayış məntəqəsi sakinlərinə qovuşur FOTO
Qarabağa qayıdış prosesi çərçivəsində Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Quzeyxırman kəndinə növbəti ailələrin köçü başlayıb.
Azmedia.Az xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində sentyabrın 15-də daha 50 ailənin doğma yurdlarına köçürülməsi təmin olunur.
Bakıdan yola salınan köç karvanı Xocavənd rayonunun üç yaşayış məntəqəsinə istiqamət götürüb. Növbəti mərhələdə Xocavənd şəhərinə 33 ailədən ibarət 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailədən ibarət 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailədən ibarət 41 nəfər köçürülür.
Beləliklə, bu mərhələdə ümumilikdə 50 ailənin 220 üzvü uzun müddətdən sonra öz doğma yaşayış məntəqələrinə qayıdır.
Köçürülən ailələr indiyədək Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən yataqxana, sanatoriya və inzibati binalarda məskunlaşıblar.
Doğma torpaqlarına qayıdan sakinlər onlara yaradılan şəraitə görə dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Onlar həmçinin Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edən Azərbaycan Ordusunun hərbçilərinə, qəhrəman əsgər və zabitlərə təşəkkürlərini çatdırıb, bu yolda şəhid olanlara Allahdan rəhmət diləyiblər.


