Bakı kimlər üçün tikilir? Əlil arabaları üçün yol yoxsa əlavə əngəl?- FOTO

Bakı kimlər üçün tikilir? Əlil arabaları üçün yol yoxsa əlavə əngəl?-

Bakının bir sıra yerüstü piyada keçidləri və metro stansiyalarının girişləri əlilliyi olan şəxslərin, eləcə də uşaq arabası ilə hərəkət edən valideynlərin gündəlik həyatını çətinləşdirir. Əlil arabaları üçün nəzərdə tutulan eniş və qalxış sahələrinin mövcudluğu isə heç də həmişə əlçatanlıq demək deyil. Çünki bəzi keçidlərdə bu sahələrdən təhlükəsiz və müstəqil istifadə etmək mümkün olmur.

Pandus var, amma istifadə etmək mümkün deyil. Bəs bu keçidlər kimlər üçün tikilir?

Azmedia.Az xəbər verir ki, Paytaxtın müxtəlif ərazilərindəki yerüstü keçidlərdə müşahidə olunan bu problem şəhər infrastrukturunun layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin ehtiyaclarının nə dərəcədə nəzərə alındığı sualını gündəmə gətirir. Əlil arabası ilə hərəkət edən vətəndaş üçün yararsız eniş və qalxış sahəsi sadəcə tikinti nöqsanı deyil, sərbəst hərəkət imkanını məhdudlaşdıran ciddi maneədir. Eyni çətinlik uşaq arabası ilə hərəkət edən valideynlərin də qarşısına çıxır.

Məsələni əks etdirən fotoşəkillər göstərilən problemlərin yerində araşdırılmasının vacibliyini ortaya qoyur. Əlçatanlıq üçün nəzərdə tutulan infrastruktur real ehtiyaca cavab vermirsə, onun mövcudluğu hansı problemi həll edir?

Azərbaycan dövlətinin sosial siyasətində insan amili və həssas qruplara qayğı mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar təşəbbüsləri və Leyla Əliyevanın sosial fəaliyyəti fonunda bu həssaslığın şəhərsalma və infrastruktur layihələrində də öz əksini tapması vacibdir. Lakin bunun üçün yalnız pandus tikmək deyil, onun həqiqətən istifadəyə yararlı olmasını təmin etmək lazımdır.
Dövlətin insan yönümlü siyasəti varsa, həmin siyasətin icrasına cavabdeh qurumlar niyə hər bir vətəndaşın sərbəst hərəkətini təmin edən şərait yaratmırlar?

Oxşar vəziyyət Bakı metrosunun bir sıra mövcud stansiyalarının giriş və çıxışlarında da diqqət çəkir. Yeni istifadəyə verilən bəzi stansiyalarda müasir həllər tətbiq olunsa da, bir sıra köhnə stansiyalarda əlçatanlıq problemi qalmaqdadır. Nəticədə əlilliyi olan şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər ictimai nəqliyyatdan istifadə zamanı əlavə çətinliklərlə üzləşirlər.

Bütün bunlar aidiyyəti qurumlar qarşısında konkret suallar yaradır:

Yerüstü keçidlərin və metro girişlərinin layihələri hazırlanarkən əlçatanlıq tələbləri necə nəzərə alınıb? İstifadəyə yararsız eniş və qalxış sahələrinə kim nəzarət edir? 

2015-ci ildə inşa edilmiş Rəsulzadə qəsəbəsindəki piyada keçidi ilə bağlı mövcud çətinliklərin səbəbi nədir? Həmin keçidin və digər problemli ərazilərdəki infrastrukturun əlçatan vəziyyətə gətirilməsi üçün hansı tədbirlər görüləcək?

Şəhərin müasirliyi yalnız yeni tikililərlə deyil, həmin şəhərdə hər bir insanın nə dərəcədə rahat və təhlükəsiz hərəkət edə bilməsi ilə ölçülür. 

Əlçatanlıq əlavə güzəşt deyil, bərabər imkanların təmin olunmasının vacib şərtidir.
Bakı hamının şəhəridirsə, onun keçidləri də hamı üçün əlçatan olmalıdır. Pandusların mövcudluğu deyil, işləkliyi əsasdır. İndi əsas sual budur: aidiyyəti qurumlar bu problemə nə vaxt real həll yolu tapacaqlar?