Qızın atası elçiliyə razı olmadı, gənc isə çəkdiyi fotoları ailəsinə göndərdi – MƏHKƏMƏ QƏRARI
Oğuz rayonunda yetkinlik yaşına çatmayan qızla münasibətdə olan 29 yaşlı şəxs sonradan çəkilmiş foto və videoları onun ailə üzvlərinə göndərib. İşə məhkəmədə baxılıb və təqsirləndirilən şəxs barəsində həbs cəzası verilib.
Azmedia.Az xəbər verir ki, məlumata görə, İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Tural 2024-cü ilin yay aylarında Oğuz rayonunun kəndlərindən birində Ənvərə məxsus evin həyətində və qonaq otağında yetkinlik yaşına çatmayan Pərvanəyə (adlar şərtidir – red.) qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.
Tural barəsində Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə ifadə verən Tural ona elan olunmuş ittihamı qəbul edərək özünü təqsirli bilib. O, bildirib ki, 2022-ci ilin payız aylarında Sumqayıt şəhərində işləyib. Həmin vaxt iş yoldaşına SMS göndərərkən səhvən mesajı başqa nömrəyə – zərərçəkmiş Pərvanənin anasına göndərib. Daha sonra həmin nömrəyə zəng edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, iki-üç gün sonra həmin nömrədən cavab verən qadınla yazışmağa və əlaqə saxlamağa başlayıb:
“Bu zaman bir-birimizdən xoşumuz gəldi. Aramızda tanışlıq yarandığı üçün və həmin qıza qarşı ciddi fikrim olduğu üçün bu məsələni valideynlərimizə bildirməyi təklif etdik”.
Turalın bildirdiyinə görə, 2023-cü ilin iyun ayında anası, nənəsi, xalası və əmisi oğlu ilə birlikdə Pərvanənin yaşadığı Oğuz rayonunun kəndinə gediblər. Onun ailə üzvləri qızın ailəsi ilə evlilik məsələsini müzakirə ediblər. Lakin Pərvanənin atası Ənvər qızının yaşının az olduğunu əsas gətirərək bu təklifə əvvəlcə razılıq verməyib. Sonradan isə Pərvanənin 18 yaşı tamam olduqdan sonra məsələ ilə bağlı qərar verəcəklərini bildiriblər.
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2024-cü ilin yay aylarında anası ilə birlikdə yenidən Pərvanənin yaşadığı evə gedib. Həmin vaxt ailə yalnız onun anasını qonaq dəvət etsə də, özü də onunla birlikdə gedib. Evdə Pərvanə və anası olub. Turalın sözlərinə görə, həmin gün xatirə qalması üçün qızla evin həyətində və daxilində fotolar çəkdiriblər.
O, bildirib ki, bir müddət münasibətləri normal davam edib və telefonla əlaqə saxlayıblar. Lakin 2024-cü ilin sonlarından etibarən Pərvanənin təhsil almasına, müxtəlif yerlərə və məclislərə getməsinə qarşı çıxıb.
Turalın ifadəsinə əsasən, bu səbəbdən qızın ailəsi narazılıq edib və tərəflər arasında münasibətlər pozulub. Bundan sonra əlaqələri kəsilib.
Təqsirləndirilən şəxs münasibətləri bərpa etmək məqsədilə əvvəllər çəkdikləri foto və videoları Pərvanənin dayısı Mədətə göndərdiyini bildirib. O, dayıdan Pərvanəni sevdiyini, onunla ailə qurmaq niyyətində olduğunu və bu məsələdə kömək etməsini istəyib.
Tural ifadəsində görüntüləri göndərməkdə məqsədinin ailəyə hədə-qorxu gəlmək olmadığını, münasibətlərinin ciddi olduğunu göstərmək istədiyini deyib. O, törətdiyi hərəkətlərə görə peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini və onunla barışdığını da bildirib.
Zərərçəkmiş Pərvanə isə ifadəsində qeyd edib ki, 2022-ci ilin sonlarında anasına məxsus telefona səhvən mesaj gəlib. Həmin vaxt müəllim yanına hazırlığa getdiyi üçün anasının telefonu onda olub və zəng edən şəxsə özü cavab verib. Beləliklə, Tural adlı şəxslə tanış olub və aralarında münasibət yaranıb.
Pərvanənin sözlərinə görə, Tural valideynlərinin tanış olmaq üçün onların yaşadığı kəndə gəlmək istədiyini bildirib. O isə atasının bu məsələyə razı olmadığını deyib. Buna baxmayaraq, iki-üç gün sonra Turalın ailəsi onların evinə gəlib. Atası isə nikah təklifini qəbul etməyib.
Zərərçəkmiş bildirib ki, 2023 və 2024-cü illərdə Tural anası ilə birlikdə müxtəlif vaxtlarda onların evinə gəlib. Evdə və həyətdə tək qaldıqları zaman xatirə üçün şəkillər çəkdiriblər. Pərvanə həmin vaxt Turalın ona qarşı intim xarakterli hərəkətlər etdiyini, bu hadisələri heç kimin görmədiyini deyib.
O, atasının yaşının az olması səbəbindən ailə qurmaq məsələsinə və baş verənlərə etiraz etdiyini, buna baxmayaraq, bir müddət Tural ilə telefonla danışmağa davam etdiyini bildirib. Sonradan Turalın qısqanclıq edərək onun başqa yerlərə getməsinə razı olmadığını deməsindən sonra münasibətləri bitib.
Pərvanənin ifadəsinə görə, bundan bir neçə gün sonra Tural əvvəllər xatirə məqsədilə çəkilən fotoşəkilləri onun atasına və dayısına göndərib.
Oğuz Rayon Məhkəməsinin hökmü ilə Tural 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.



