Mehriban Əliyeva Daşkənddə unikal mədəniyyət və tarix mərkəzi ilə tanış olub – FOTO

Mehriban Əliyeva Daşkənddə unikal mədəniyyət və tarix mərkəzi ilə tanış olub –

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Daşkənddə yerləşən İslam Sivilizasiyası Mərkəzində olublar. Səfər zamanı onlar Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva və qızları Saida və Şaxnoza Mirziyoyeva ilə birlikdə mərkəzin ekspozisiyası və burada qorunan tarixi-mədəni irs nümunələri ilə tanış olublar.

Azmedia.Az xəbər verir ki, avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyeva ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər.

Məlumata görə, İslam Sivilizasiyası Mərkəzi Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı əsasında yaradılıb.

On hektardan artıq ərazini əhatə edən mərkəz Səmərqəndin qədim memarlıq ənənələri əsasında inşa olunub. Kompleksin memarlıq quruluşunda 65 metr hündürlüyündə günbəz də xüsusi diqqət çəkir.

Mərkəzdə İslam və dünya sivilizasiyasının tarixi-mədəni irsinin öyrənilməsi və qorunması ilə bağlı müxtəlif bölmələr fəaliyyət göstərir. Burada nadir əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu, kitabxana və arxivlər yerləşir.

Ziyarət zamanı Mehriban Əliyeva və Leyla Əliyev mərkəzdə müxtəlif tarixi dövrlərə aid eksponatlarla tanış olublar. Əcdadların elmi və yaradıcılıq irsi müasir texnologiyalar və rəqəmsal vasitələrdən istifadə edilməklə təqdim olunur.

Mərkəzin kitabxanasında 100 min əlyazma və 1 milyondan çox kitabın saxlanıldığı bildirilir.

Muzey ekspozisiyası müxtəlif tarixi mərhələləri əhatə edən tematik zallardan ibarətdir. Burada “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası”“Müqəddəs Quran” adlı zallar fəaliyyət göstərir.

Ekspozisiyanın mərkəzi hissəsində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mühüm tarixi-mənəvi irs nümunələrindən biri olan “Osman Quranı” qorunur.

Zalda müxtəlif tarixi dövrlərə aid Quran əlyazmaları, eləcə də müqəddəs kitabın özbək dilinə tərcümələri nümayiş etdirilir.

Mərkəzin yaradılması layihəsinə yüzlərlə alim, ekspert, din və ictimaiyyət nümayəndəsi cəlb olunub.

İslam Sivilizasiyası Mərkəzinin UNESCO və ICESCO da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyi qeyd olunur.