Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi: milyonluq dələduzluq iddiası - FOTO/VİDEO
Azərbaycanın turizm sektorunda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri ilə bağlı araşdırma yeni mərhələyə keçib. Şirkət rəhbərinin xarici ölkədə saxlanıldığı və Azərbaycana ekstradisiyası üçün prosedurların başladığı bildirilir.
Azmedia.Az xəbər verir ki, “Flyblast Agency Travel” şirkətinin rəhbəri Rövşən Abdullayev Polşada saxlanılıb.
Məlumata görə, Abdullayevin saxlanılması Azərbaycan hüquq-mühafizə orqanlarının axtarışı əsasında həyata keçirilib. Onun barəsində Xətai Rayon Prokurorluğunda vətəndaşların müraciətləri əsasında cinayət işi başlanıldığı qeyd olunur.
İddialara əsasən, şirkətə müraciət edən bəzi müştərilərin ümumilikdə 1 milyon manata yaxın vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı araşdırma aparılır.
Bildirilir ki, 100-ə yaxın əməkdaşın çalışdığı “Flyblast Agency Travel” aviaşirkət biletlərinin satışı, turpaketlərin hazırlanması, daxili və xarici turların təşkili, viza dəstəyi, transfer və digər turizm xidmətləri göstərib. İddialara görə, bəzi müştərilər xidmətlərin göstərilməsi ilə bağlı problemlərlə üzləşiblər.
Araşdırma çərçivəsində Rövşən Abdullayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıldığı və onun barəsində qiyabi həbs qətimkan tədbirinin seçildiyi bildirilir.
Hazırda onun Azərbaycana ekstradisiyası ilə bağlı hüquqi prosedurların həyata keçirildiyi qeyd edilir. Təqsirləndirilən şəxsin günahı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməyib.
//qafqazinfo


