Milyarder Uorren Baffettin 48 ildir su içmədiyi iddia olunur: Gündə 5 qutu kola qəbul edir
Dünyanın tanınmış investorlarından olan Uorren Baffettin qeyri-adi içki vərdişi gündəmə gəlib. Onun uzun illərdir adi su əvəzinə kola içməyə üstünlük verdiyi barədə açıqlama diqqət çəkib.
Azmedia.Az xəbər verir ki, milyarder investor Bill Akman (Bill Ackman) “Equity Mates Investing” podkastında Uorren Baffettlə bağlı maraqlı bir hadisəni danışıb.
Akmanın sözlərinə görə, o, Baffetti bir müddət əvvəl evində şam yeməyinə dəvət edib və qonağının sevimli içkisi olduğunu bildiyi üçün əvvəlcədən Cherry Coke sifariş edib.
Yemək zamanı Akman Baffettdən adi və ya qazlı su istəyib-istəmədiyini soruşub. Lakin investor su içməkdən imtina edərək kola istəyib.
Akman daha sonra ondan ümumiyyətlə su içib-içmədiyini soruşub. Baffett isə belə cavab verib:
“Bill, mən 48 ildir su içmirəm”.
Qeyd edək ki, Uorren Baffettin kola sevgisi uzun illərdir məlumdur. O, 2015-ci ildə verdiyi açıqlamada gündə ən azı beş qutu Coca-Cola içdiyini və gündəlik kalori qəbulunun təxminən dörddə birinin bu içkinin payına düşdüyünü bildirmişdi.
Baffettin bu vərdişi ilə bağlı maraqlı məqamlar investor Bill Akmanın son açıqlamasından sonra yenidən diqqət mərkəzinə düşüb.
Bununla belə, Akmanın danışdığı hadisə Baffettin hazırkı içki rejiminin tam təsdiqi deyil, illər əvvəl baş vermiş söhbətlə bağlı xatirəsidir.


