Suraxanı İcra Hakimiyyətində "media fobiyası": Sorğular cavabsız qalır

Suraxanı İcra Hakimiyyətində "media fobiyası":

Son zamanlar media nümayəndələri Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuata göstərdiyi münasibətdən şikayətlənirlər. Belə ki, qurumda mətbuatın suallarına cavab verəcək bir nəfər belə tapılmır. 

Azmedia.Az xəbər verir ki, bu barədə daha bir şikayət tanınmış jurnalist Sevinc Vaqifqızından gəlib. O, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) media ilə iş strategiyasını kəskin tənqid edərək, qurumun fəaliyyətindəki qeyri-şəffaflıqdan şikayət edib.

"Biz mediaya məsul şəxsə ünvanlanan suallara cavab ala bilmirik. Rica edirəm, bu məsələni diqqətdə saxlayasınız," – deyə jurnalist müraciətində vurğulayıb.

Jurnalistin bildirdiyinə görə, Suraxanı RİH-in media üzrə məsul şəxsi Sevinc Ağayeva ona ünvanlanan sorğuları uzun müddət cavabsız qoyur. S. Vaqifqızı qeyd edib ki, ictimai əhəmiyyət kəsb edən suallara cavab almaq üçün bəzən saatlarla gözləmək məcburiyyətində qalırlar, lakin bu cəhdlər nəticəsiz qalır.

Problemin sistematik xarakter aldığını vurğulayan jurnalist, məsələnin həlli üçün rəsmi şəxslərə, o cümlədən Adil Əliyevə müraciət edərək, rayonda mediaya qarşı yaranmış bu maneənin aradan qaldırılmasını xahiş edib.