Tramp Kim Çen Inla yeni görüşə hazırlaşır – MÜZAKİRƏLƏR BAŞLAYIB
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yenidən üzbəüz görüş keçirmək istəyir. Görüşün bu ilin payızında baş tutması ehtimalı nəzərdən keçirilir.
Azmedia.Az xarici mənbəyə istinadən xəbər verir ki,Tramp köməkçilərindən Şimali Koreya lideri ilə görüşün təşkili imkanlarını araşdırmağı istəyib. ABŞ Prezidenti Asiyaya növbəti səfəri çərçivəsində Kim Çen Inla birbaşa danışıqlar aparmaq variantını müşavirləri ilə müzakirə edib.
Trampın noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Asiyaya səfər edə biləcəyi bildirilir. Bununla belə, mənbə qeyd edir ki, Tramp-Kim görüşünün rəsmi təşkili ilə bağlı hələ konkret hazırlıqlara başlanılmayıb.
Nəşrə görə, Tramp mümkün görüşü Pxenyanla dialoqun bərpası və Şimali Koreyanın nüvə proqramından imtina etməsinə nail olmaq üçün fürsət kimi qiymətləndirir.
Lakin ABŞ rəsmiləri və bəzi ekspertlər mümkün danışıqlardan ciddi irəliləyiş əldə olunacağına ehtiyatla yanaşırlar.
Ağ Evdəki mənbə bildirib ki, Tramp və Kim Çen In arasında görüş “uyğun vaxtda” keçiriləcək.
Mənbənin bildirdiyi məlumata əsasən, Tramp 2025-ci ildə Asiya səfəri zamanı da Kim Çen Inla görüşmək istəyib. Həmin vaxt Pxenyan görüşə etiraz etmədiyini Vaşinqtona çatdırsa da, tərəflər təşkilati məsələləri qısa müddətdə həll edə bilməyiblər.
Qeyd edək ki, Tramp avqustun 17-də Kim Çen Inın danışıqlar təşəbbüsünə cavab verdiyini və tərəflər arasında qarşılıqlı anlaşmanın olduğunu bildirib.
Xatırladaq ki,Donald Tramp ilk prezidentlik dövründə Kim Çen Inla üç dəfə görüşüb.Liderlərin ilk görüşü 2018-ci il iyunun 12-də Sinqapurda, ikinci görüşü 2019-cu il fevralın 27–28-də Vyetnamın Hanoy şəhərində, üçüncü görüşü isə həmin ilin iyunun 30-da Koreyalararası demilitarizasiya zonasında baş tutub.


