AQEM-in VII Zirvə Görüşündə Bakı Bəyannaməsi qəbul olunub
AQEM-in VII Zirvə Görüşü çərçivəsində qəbul edilən Bakı Bəyannaməsində Azərbaycanın təşkilata sədrliyi dövründə həyata keçirdiyi təşəbbüslər yüksək qiymətləndirilib. Sənəddə beynəlxalq nizam, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji və rəqəmsal bağlantılarla bağlı müddəalar əksini tapıb.
Azmedia.Az xəbər verir ki, AZƏRTAC-ın məlumatına görə, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin ikiillik sədrliyi müddətində müxtəlif istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslər və təşkil etdiyi tədbirlər alqışlanıb.
Bakı Bəyannaməsində beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə mövcud risklərə qarşı mübarizə yolları ilə bağlı konkret müddəalar yer alıb.
Sənəddə, həmçinin, dözümlülüyün və sivilizasiyalararası dialoqun təşviqinə xüsusi diqqət ayrılıb. Təhlükəsizliyin və rifahın təmin olunması məqsədilə elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsi də bəyannamədə vurğulanan məsələlər sırasındadır.
Bununla yanaşı, süni intellektin inkişafı nəticəsində yaranan imkanlar və risklər də sənəddə ön plana çəkilib.
Bəyannamədə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı müddəalar da öz əksini tapıb.


