“Araz-Naxçıvan”ın Çempionlar Liqasında qarşılaşacağı komandalar bəlli oldu

“Araz-Naxçıvan”ın Çempionlar Liqasında qarşılaşacağı komandalar bəlli oldu

“Araz-Naxçıvan”ın UEFA Futzal Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacağı 5-ci qrupun tam tərkibi müəyyənləşib.

Azmedia.Az xəbər verir ki, ilkin mərhələnin nəticələrinə əsasən, Bosniya və Herseqovinanın “Buba Mara” və Macarıstanın “Uypeşt” komandaları Naxçıvan təmsilçisinin rəqibləri sırasına qoşulublar.

Püşkatmanın nəticəsinə əsasən, 5-ci qrupa E qrupunun qalibinin də düşməsi nəzərdə tutulurdu. Lakin həmin qrupda Ermənistan çempionu “Unisport” birinci yeri tutub.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçilərinin eyni qrupda yer almasına icazə verilmədiyi üçün E qrupunun deyil, D qrupunun qalibi 5-ci qrupa vəsiqə qazanıb.

Beləliklə, Polşada keçiriləcək UEFA Futzal Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan”, “Piast” (Polşa), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) mübarizə aparacaqlar.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Futzal Çempionlar Liqasında 21-ci dəfə iştirak edəcək. Naxçıvan klubu bu göstəriciyə görə yalnız Qazaxıstanın “Kayrat” komandasından geri qalır.

Əsas mərhələnin oyunları 27 oktyabr – 1 noyabr tarixlərində Polşada keçiriləcək.