İstanbul derbisində transfer rəqabəti: “Qalatasaray” əzəli rəqibinin bu futbolçusuna göz dikdi- FOTO
İstanbulun iki əzəli rəqibi arasında transfer rəqabəti yarana bilər. “Qalatasaray” “Fənərbağça”nın Türkiyə millisinin üzvü olan futbolçusunu heyətinə qatmaq üçün fürsət gözləyir.
Azmedia.Az xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu əzəli rəqibi “Fənərbağça”nın müdafiəçisi Mert Müldürün vəziyyətini yaxından izləyir.
Məlumata görə, İstanbul təmsilçisi Türkiyə millisinin üzvünün hazırkı klubundakı gələcəyi ilə bağlı baş verənləri diqqətdə saxlayır.
Bu barədə futbol insayderi Yağız Sabuncuoğlu məlumat yayıb.
İddialara əsasən, “Fənərbağça” rəhbərliyi 27 yaşlı cinah müdafiəçisi ilə müqaviləni uzatmasa, “Qalatasaray” mövsümün sonunda futbolçuya rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Mert Müldürün “Fənərbağça” ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. O, İstanbul klubunun heyətində indiyədək 127 qarşılaşmada meydana çıxıb, 5 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.


