Azərbaycan CNN-i məhkəməyə verdi: Qərəzli məlumatlarla bağlı ABŞ-da iddia qaldırıldı

Azərbaycan CNN-i məhkəməyə verdi: Qərəzli məlumatlarla bağlı ABŞ-da iddia qaldırıldı

Azərbaycan CNN telekanalına qarşı ABŞ-da federal məhkəmədə iddia qaldırıb. Buna səbəb telekanalın Azərbaycan ərazisinin İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edildiyi barədə yayımladığı iddialardır.

Azmedia.Az xəbər verir ki, Azərbaycan tərəfi CNN-in 5 iyun 2026-cı il tarixində yayımladığı materialda ölkəyə qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığını bildirib.

Məqalədə İsrail xüsusi təyinatlılarının Azərbaycanın cənubunda, İran sərhədinə yaxın ərazilərdə fəaliyyət göstərdiyi, burada kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarının həyata keçirildiyi, həmçinin İsrail tərəfindən Azərbaycanda əvvəlcədən dinləmə cihazları və digər kəşfiyyat avadanlıqlarının yerləşdirildiyi iddia olunub.

Azərbaycan tərəfi isə CNN-in sorğusuna cavab olaraq bu iddiaları əvvəlcədən rəsmi şəkildə təkzib edib. Bildirilib ki, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmir.

Buna baxmayaraq, Azərbaycan tərəfinin mövqeyinin materialda adekvat şəkildə əks etdirilmədiyi, əsas iddiaların isə anonim mənbələrə istinadən təqdim edildiyi vurğulanıb.

Məqalənin dərcindən sonra Azərbaycan CNN-dən sözügedən iddiaları təkzib etməyi və materiala düzəliş verməyi tələb edib. Bununla bağlı iyunun 6-da, 23-də və iyulun 2-də telekanala rəsmi məktublar göndərilib.

CNN Azərbaycanın müraciətlərini araşdıracağını bildirsə də, Azərbaycan tərəfinin məlumatına görə, bu müddət ərzində materialda qeyd olunan iddialarla bağlı heç bir düzəliş və ya təkzib yayımlanmayıb.

Bunun ardınca Azərbaycan CNN-ə qarşı ABŞ-ın Delaver ştatı üzrə federal məhkəməsində iddia qaldırıb. İddia 17 avqust 2026-cı il tarixində məhkəməyə təqdim edilib.

Məlumata görə, məhkəmə müraciətinin əsasını CNN-də yayımlanan materialın Azərbaycanla bağlı əsassız və ölkənin nüfuzuna xələl gətirə biləcək iddialar ehtiva etməsi təşkil edir.

Qeyd olunur ki, sözügedən materialın müəlliflərindən biri Tim Listerin əvvəlki yazılarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edilib. Onun 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror tədbirləri zamanı hazırladığı materiallarda da Azərbaycanla bağlı mübahisəli və qərəzli iddiaların yer aldığı bildirilir.

Qeyd: Məhkəmə iddiasının nəticəsi barədə yekun qərar hələ açıqlanmayıb.

///Report