Azərbaycanda 60 milyon qutu dərman istehsal edəcək müəssisə açıldı – Prezident iştirak etdi- FOTO

Azərbaycanda 60 milyon qutu dərman istehsal edəcək müəssisə açıldı – Prezident iştirak etdi-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.

Azmedia.Az xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Parkın əsas məqsədi əczaçılıq sənayesinin inkişaf etdirilməsi və dəstəklənməsi, əczaçılıq məhsulları üzrə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində məşğulluğun artırılmasıdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.

Hazırda Azərbaycanda 8 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” və Balaxanı Sənaye Parkıdır.

Bununla yanaşı, bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub və hazırda zəruri infrastrukturun yaradılması istiqamətində işlər aparılır.

Həmçinin Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında zəruri infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.

“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Şirkətin təsisçiləri Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti – 66 faiz, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) – 29 faiz və Türkiyənin “SİA Pharmaceuticals” şirkəti – 5 faiz payla iştirak edir.

Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, həmçinin 10 milyon manat güzəştli kredit vəsaitindən istifadə edilib.

Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.

Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir.

Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanların istehsalı həyata keçiriləcək.

Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.

Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir.

Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Müəssisədə 178 nəfər daimi işlə təmin ediləcək.

Bundan başqa, müəssisənin fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayrılıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.