Bakalavriat üzrə qəbul olunanların elektron qeydiyyatına sabah başlanılır

Bakalavriat üzrə qəbul olunanların elektron qeydiyyatına sabah başlanılır

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin elektron qeydiyyatı avqustun 28-dən etibarən başlayacaq. Qeydiyyat yalnız my.gov.az portalı üzərindən aparılacaq.

Azmedia.Az xəbər verir ki, qəbul olunanların qeydiyyatı 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-dək davam edəcək.

Müəyyən edilmiş müddətdə elektron qeydiyyatdan keçməyən və qəbul olduğu təhsil müəssisəsi tərəfindən təsdiqlənməyən şəxslər qəbul olunanların siyahısından xaric edilə bilərlər.

Qeydiyyatdan keçmək üçün abituriyent əvvəlcə mygov ID vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetinə daxil olmalıdır. Daha sonra “Xidmətlər” bölməsindən “Qurumlar” kateqoriyasına keçərək Elm və Təhsil Nazirliyini seçməli və “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətindən istifadə etməlidir.

Xidmətə daxil olduqdan sonra abituriyentin şəxsi məlumatları sistemdə əks olunacaq. Məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra qəbul barədə məlumatlara baxılmalı və növbəti mərhələyə keçilməlidir.

Elektron sistemdə hər hansı məlumat mövcud olmadıqda və həmin məlumatla bağlı sənəd tələb edilərsə, sənəd portala yüklənməlidir.

Qeydiyyat zamanı “Güzəştli qəbul” bölməsində tələbə təhsil krediti almaq istəyib-istəmədiyini qeyd edə, həmçinin sosial baxımdan həssas əhali qrupuna aid olub-olmadığını göstərə bilər. Müvafiq status seçildikdə onu təsdiqləyən sənədlər də sistemə əlavə edilməlidir.

Son mərhələdə daxil edilmiş məlumatların düzgünlüyü təsdiqlənir, məlumatların toplanması və istifadəsinə razılıq verilir və qeydiyyat tamamlanır.

Abituriyent müraciətinin vəziyyətini “Xidmətin tarixçəsi” bölməsindən izləyə bilər. Sistemində “Ödəniş edilməlidir” statusu yaranan şəxslər təhsil haqqını “Onlayn ödə” funksiyası ilə ödəyə bilərlər. Ödəniş başqa üsulla həyata keçirildikdə isə bunu təsdiqləyən sənəd sistemə yüklənməlidir.

Təhsil müəssisəsi tərəfindən müraciət yoxlanılaraq təsdiqləndikdən sonra qeydiyyat prosesi başa çatmış hesab olunur. Təsdiq barədə məlumat vətəndaşa mygov platforması üzərindən bildiriş vasitəsilə göndəriləcək.