Bakı–Sumqayıt qatarlarında sıxlıqla bağlı şikayət: “İnsanlara hər gün zülm çəkdirirsiniz”- FOTO

Bakı–Sumqayıt qatarlarında sıxlıqla bağlı şikayət: “İnsanlara hər gün zülm çəkdirirsiniz”-

Bakı–Sumqayıt istiqamətində hərəkət edən qatarlarda, xüsusilə axşam saatlarında yaranan sıxlıq sərnişinlərin narazılığına səbəb olub. Vətəndaşlar qatarlararası intervalın uzun olmasından, stansiyalarda dolu qatar gözləmək məcburiyyətində qalmaqdan və vaqonlarda yaranan sıxlıqdan şikayətlənirlər.

Azmedia.Az xəbər verir ki, sərnişinlərdən birinin müraciətində Bakı–Sumqayıt qatarlarının hərəkətində yaranan problemlərdən narazılıq ifadə olunub.

Şikayətçi bildirib ki, həyatında ilk dəfə hansısa Azərbaycan qurumunun insanların çətin vəziyyətini görərək onlara kömək edəcəyini düşündüyünü, lakin bu məsələdə yanıldığını deyib:

“Həyatımda ilk dəfə hansısa Azərbaycan qurumunun insanların çətin vəziyyətini görüb onlara kömək edəcəyini düşünmüşdüm. Sevinmişdim. Amma yanıldım. Özü də çox pis yanıldım”.

Vətəndaş Bakı–Sumqayıt qatarlarında sərnişin sıxlığının artmasına diqqət çəkərək bunun xüsusilə işdən çıxan vaxtlarda ciddi problem yaratdığını bildirib.

Onun sözlərinə görə, iki dolu qatardakı sərnişinlərin bir qatara toplanması vəziyyəti daha da çətinləşdirir:

“İki dolu qatardakı insanları birləşdirib bir qatara yığmaq qərarına gəldilər. Mən işdən çıxanda bir saata yaxın qatar gözləyirəm. Hələ bir üstəlik, oturacağam, oturmayacağam, qatara minəcəyəm, minməyəcəyəm dərdini və stresini çəkirəm”.

Şikayətçi qatarların sayının və ya hərəkət imkanlarının azaldılmasının səbəbini anlamadığını qeyd edərək sərnişinlərin xüsusilə işdən sonra üzləşdiyi vəziyyətə etiraz edib.

“Mən sizin məntiqinizi başa düşmürəm. Siz nə istəyirsiniz? İnsanların işdən sonra qadın, kişi, uşaq, yaşlı bir-birinə basıb getməsindən, insanların bu vəziyyətə düşməsindən həzz alırsınız? Mən niyə adam kimi, insan kimi hər səhər və axşam işə getmək yerinə bu vəziyyətdə getməliyəm?” – deyə o bildirib.

Sərnişinlərin narazılığı yalnız bir şəxsin müraciəti ilə məhdudlaşmır. Bakı–Sumqayıt xəttində xüsusilə axşam saatlarında, insanların işdən evə qayıtdığı pik vaxtlarda vaqonlarda sıxlığın artması ilə bağlı şikayətlər səsləndirilir.

Sərnişinlərin sözlərinə görə, əvvəl qatarların hərəkəti zamanı stansiyalarda gözləmə və vaqonlara minmə prosesi daha rahat olub. Hazırda isə qatarlararası intervalın uzun olması səbəbindən sərnişinlər stansiyalarda daha çox gözləməli olurlar. Nəticədə gələn qatar artıq dolu olduğundan vaqonlara minmək və rahat şəkildə səfər etmək çətinləşir.

Xüsusilə işdən çıxış saatlarında yaranan bu vəziyyət sərnişinlərin həm uzun müddət stansiyada gözləməsinə, həm də qatarda sıx şəraitdə yol getməsinə səbəb olur.

Azmedia.Az məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarına (ADY) müraciət edib. Qurumdan Bakı–Sumqayıt xəttində axşam saatlarında yaranan sərnişin sıxlığının səbəbləri, qatarlararası interval, qatarların sayında hər hansı dəyişiklik olub-olmaması və pik saatlarda əlavə reyslərin təşkilinin mümkünlüyü barədə açıqlama istənilib.

Həmçinin ADY-yə sərnişinlərin “dolu qatar gözləməsi”, vaqonlarda sıxlıq və işdən evə qayıdan vətəndaşların üzləşdiyi çətinliklərlə bağlı suallar ünvanlanıb.

Qurumun cavabı daxil olduqda, Azmedia.Az məsələ ilə bağlı məlumatı yeniləyəcək.

Əli Şəyəldiyev

Azmedia.Az