Bu şəxslər ömürlük pensiya alacaq - Ali Məhkəmədən qərar

Bu şəxslər ömürlük pensiya alacaq -

Ali Məhkəmənin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.


Bu barədə Azmedia.Az-a Ali Məhkəmədən məlumat verilib.


Bildirilib ki, işin hallarına əsasən iddiaçı 2017-ci ildən dövlət qulluqçusu kimi II qrup əlilliyə görə əmək pensiyası alıb və bu pensiya əlillik dövrü üçün təyin olunaraq 2022-ci ilin iyul ayınadək ödənilib. Həmin tarixdən ödəniş dayandırılıb. İddiaçı pensiya yaşına çatdığını əsas gətirərək əlilliyə görə təyin edilmiş əmək pensiyasının müddətsiz hesab olunmasını və dayandırılmış ödənişlərin bərpasını tələb edib. Cavabdeh inzibati orqan isə onun sığorta stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən az olduğunu bildirərək müraciəti təmin etməyib.


Bundan sonra məhkəməyə müraciət edən şəxsin şikayəti birinci instansiya məhkəməsi tərəfindən rədd edilsə də, apellyasiya instansiyası bu qərarı ləğv edərək iddianı təmin edib və pensiyanın müddətsiz hesab olunmalı olduğu qənaətinə gəlib. Cavabdeh həmin qərardan kassasiya şikayəti verib.


Ali Məhkəmə kassasiya şikayətini təmin etməyərək apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb. Qərarda bildirilib ki, şəxs əlillik dövründə pensiya yaşına çatdığı halda və həmin anda əlillik statusu qüvvədə olduqda, əlilliyə görə əmək pensiyası ömürlük (müddətsiz) təyin edilməlidir və bunun üçün əlavə müraciət tələb olunmur.


Məhkəmə kollegiyası qərarında "Əmək pensiyaları haqqında" Qanunun 32.2-ci maddəsini geniş təhlil edərək bildirib ki, həmin normada pensiya yaşına çatmış əlillərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdə tutulub və bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və ya şəxsin əlavə müraciəti şərt kimi müəyyən edilməyib. 


Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, şəxsə əvvəllər əlilliyə görə pensiya müəyyən müddət üçün təyin olunmuş olsa belə, həmin müddət ərzində pensiya yaşına çatdığı halda onun pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu hüququn reallaşdırılması əlavə formal prosedurlarla məhdudlaşdırıla bilməz.


Məhkəmə bu baxımdan əlavə müraciət tələbini qanunun məzmununa uyğun hesab etməyib.