“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz

“Koroğlu”da yeni nişan quraşdırıldı -

Metronun “Koroğlu” stansiyasının qarşısında yerləşən Nəqliyyat Mübadilə Mərkəzinin girişində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan 5.9 nişanı quraşdırılıb.

Azmedia.Az xəbər verir ki, yeni nişanla minik avtomobillərinin ikinci “cib”ə daxil olması və həmin ərazidə sərnişin mindirib-düşürməsi qadağan edilib.

Bildirilib ki, dəyişiklik ərazidən keçən müntəzəm və ekspress marşrut xətlərinin ayrılması və nəqliyyatın hərəkətinin daha səmərəli təşkili məqsədilə həyata keçirilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sözügedən yola daxil olaraq qaydaları pozan sürücülər 100 manat məbləğində cərimə edilir və 2 cərimə balı alırlar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) da ərazidə aparılan dəyişikliklərlə bağlı məlumat yayıb.

Agentlikdən bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində təşkil olunan M4 və M6 nömrəli ekspres avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında, “Atletlər kəndi” istiqamətində dəyişiklik edilib.

Qeyd olunub ki, ərazidə əvvəllər mövcud olan “cib” tipli dayanacaqlardan biri müntəzəm avtobusların, digər ikisi isə minik avtomobillərinin sərnişin mindirib-düşürməsi üçün istifadə olunurdu.

Hazırda ekspres avtobusların “Koroğlu” metrostansiyasının qarşısında rahat hərəkətini təmin etmək məqsədilə ikinci “cib” yalnız ekspres marşrutlar üçün ayrılıb və həmin hissədə avtobus zolağı təşkil edilib.

Ərazidə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.

AYNA-nın məlumatına görə, həyata keçirilən dəyişiklik nəticəsində eyni ərazidən istifadə edən ekspres və müntəzəm avtobusların nizamlı fəaliyyəti, həmçinin sərnişin axınlarının ayrılması təmin olunub.

Sərnişinlərin metro stansiyasına təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə ərazidə piyada keçidi də təşkil edilib.//redaktor