Türk dünyasının müsəlman dini liderlərindən İlham Əliyevə mühüm müraciət

Türk dünyasının müsəlman dini liderlərindən İlham Əliyevə mühüm müraciət

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri Bakıda keçirilən 7-ci Görüşün yekununda Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Azmedia.Az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər. Müraciət Bakıda keçirilən Müsəlman dini liderlərinin 7-ci Görüşündə qəbul olunub. 

Müraciətin mətnini Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı oxuyub.

Dini liderlər Bakıda keçirilən görüşün yüksək səviyyədə təşkilinə göstərilən diqqət və himayəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Müraciətdə həmçinin TDT müsəlman dini liderlərinin görüşü çərçivəsində görkəmli Azərbaycan alimi və mütəfəkkiri Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki konfransın keçirilməsinə toxunulub.

Qeyd olunub ki, həmin konfransın həmtəşkilatçıları sırasında Azərbaycan Milli Elmlər Akademiyası, Müsəlman Ağsaqqallar Şurası, İSESCO və İRSİCA yer alıb. Tədbirdə 40-a yaxın ölkəni təmsil edən dövlət, elm və din xadimləri, 18 beynəlxalq təşkilat və mərkəzdən nümayəndələr, ümumilikdə isə 200-ə yaxın iştirakçı və digər qonaqlar iştirak edib.

Müraciətdə müasir dünyada qloballaşma və inteqrasiya prosesləri ilə yanaşı, ksenofobiya, islamofobiya, separatçılıq və dindən sui-istifadə kimi təhlükələrin mövcudluğuna diqqət çəkilib. Azərbaycan tərəfindən təqdim edilən multikulturalizm və tolerantlıq modeli, məzhəblərarası anlaşma və sivilizasiyalararası əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Dini liderlər TDT müsəlman dini liderlərinin görüşlərinin humanist ideyaların təşviqi, multikultural həyat tərzinin təbliği və sabitliyə xidmət edən təşəbbüslər baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.

Müraciətdə mədəni-mənəvi dəyərlərin qorunması, gənclərin maarifləndirilməsi və ortaq tarixin gələcək nəsillərə çatdırılmasının əsas vəzifələr sırasında olduğu bildirilib. Azərbaycanın məzhəblərarası anlaşma modelinin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Dini liderlər Türk dünyasının tarixində mühüm iz qoymuş Mövlanə Rumi, Əhməd Yəsəvi, Bəhaəddin Nəqşibəndi, Maturidi və Siracuddin əl-Oşi kimi alim və mütəfəkkirlərlə yanaşı, Seyyid Yəhya Bakuvinin irsinin beynəlxalq səviyyədə təqdim edilməsini də mühüm mənəvi hadisə kimi qiymətləndiriblər.

Müraciətdə Prezident İlham Əliyevin insan qardaşlığı, dini və irqi dözümsüzlüyə, ksenofobiyaya və islamofobiyaya qarşı mövqeyi yüksək dəyərləndirilib.

Dini liderlər Azərbaycanın dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlıqla bağlı beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzə çevrildiyini bildiriblər.

Sənəddə Qarabağda aparılan bərpa-quruculuq işləri, Şuşanın mədəniyyət mərkəzi elan edilməsi, Böyük Qayıdış prosesi və TDT-yə üzv ölkələr arasında əlaqələrin inkişafı da xüsusi qeyd olunub.

Müraciətdə 2022-ci ildə Şuşada TDT Müsəlman Dini Liderlər Şurasının Nizamnaməsinin imzalanması mənəvi həmrəyliyin nümunəsi kimi qiymətləndirilib. Həmçinin TDT üzv ölkələrinin – Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın dövlət rəhbərlərinin qarşılıqlı səfərləri, müşahidəçi qismində Türkmənistanın iştirakı və Qarabağda qardaş ölkələr tərəfindən məktəb və məscidlərin inşa olunması müsbət dəyərləndirilib.

Sonda dini liderlər Prezident İlham Əliyevə TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının 7-ci Görüşünə və Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq konfransın təşkilinə göstərdiyi yüksək himayəyə görə təşəkkürlərini ifadə edib, fəaliyyətində uğurlar arzulayıblar.