İlham Əliyev BƏƏ-nin yüksək vəzifəli rəsmisi ilə görüşdü – 6 sənəd imzalandı

İlham Əliyev BƏƏ-nin yüksək vəzifəli rəsmisi ilə görüşdü – 6 sənəd imzalandı

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.

Görüşün əvvəlində Şeyx Tahnun bin Zayed Al Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev göstərilən salamlamaya görə minnətdarlığını ifadə edib və öz salamlarını da Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. İkitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsindən məmnunluq ifadə olunub.

Münasibətlərin daha da möhkəmlənməsində Azərbaycan və BƏƏ prezidentlərinin şəxsi dostluq əlaqələrinin, dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığı qeyd edilib.

Əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi baxımından Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana geniş nümayəndə heyətinin səfərinin əhəmiyyətinə toxunulub.

Daha sonra Prezident İlham Əliyevin və BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirilib.

Mərasimdə aşağıdakı sənədlər imzalanıb:

“Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə “Abu Dhabi Future Energy Company” – “Masdar” və “Azərbaycan Yaşıl Enerji Şirkəti” MMC arasında əməkdaşlıq Sazişi”;

“Azərbaycan İnvestisiya Holdinqi ilə “L”IMAD HOLDING COMPANY PJSC” arasında strateji əməkdaşlıq Sazişi”;


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş”;


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və “GROUP 42 Holding Ltd” arasında “Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının adından çıxış edən) və “XRG SGC LIMITED” arasında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi;

Energetika Nazirliyi, SOCAR və “Masdar” arasında “Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi” sənədi.