Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi – digər müttəhim kimdir?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb və materiallar məhkəməyə göndərilib.
Azmedia.Az xəbər verir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə aparılan istintaq tədbirləri yekunlaşıb. İş materialları araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib.
Məhkəməyə göndərilən cinayət işinin ittiham aktında Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirovun da adı təqsirləndirilən şəxs kimi göstərilib. Bununla da Eldar Əmirovun Ramiz Mehdiyevlə birlikdə məhkəmə qarşısına çıxacağı bildirilir.
İş üzrə digər şəxslərin prosessual statusu da açıqlanıb. Belə ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əlisəftər oğlu Əliyev cinayət işi çərçivəsində şahid qismində müəyyən ediliblər. Hər iki şəxsin məhkəmə baxışı zamanı ifadə verməsi gözlənilir.
Digər tərəfdən, Ramiz Mehdiyevlə əlbir fəaliyyətdə təqsirləndirilən AXCP sədri Əli Kərimli ilə bağlı cinayət işinin ayrıca icraata ayrıldığı bildirilib.
Əli Kərimli barəsində cinayət işi üzrə istintaq prosesinin isə hazırda davam etdiyi qeyd olunur.


