İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin açılışında – FOTO
Bakıda yeni innovasiya şəhərciyinin ilk mərhələsi istifadəyə verilib. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına “SABAH.city” layihəsi barədə məlumat verib.
Bildirilib ki, layihənin ümumi ərazisi 20 hektar olacaq. Birinci mərhələ 5 hektardan artıq sahəni və 20 min kvadratmetr tikili ərazisini əhatə edir. Şəhərciyin tikintisinə ötən ilin oktyabrında başlanılıb və burada bir-biri ilə əlaqəli dörd korpusdan ibarət kompleks yaradılıb.
“SABAH.city”də 5 restoran, market və tədbirlər zalı ilə yanaşı, açıq idman infrastrukturu da qurulub. Burada basketbol və futbol meydançaları, iki padel kortu, açıq istirahət zonaları, piyada və velosiped yolları, həmçinin parklanma sahələri yaradılıb.
Layihə çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbənin tədris və praktiki fəaliyyətə cəlb olunması nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlamasından sonra gündəlik ziyarətçi sayının təxminən 3 min nəfərə çatacağı gözlənilir.
Burada ASAN Süni İntellekt Mərkəzi – ASAN AI Hub da fəaliyyət göstərəcək. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ASAN xidmət”in “Süni İntellekt Assistent” layihəsi barədə məlumat verib.
ASAN AI Hub Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüslərin dəstəklənməsi, tədqiqatçıların, dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin vahid rəqəmsal platformada bir araya gətirilməsi, eləcə də dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılıb.
Mərkəzdə indiyədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN AI Hub ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin Çin Xalq Respublikasının Sinxua Universiteti, Böyük Britaniyanın Oksford Universiteti və Türkiyənin Boğaziçi Universiteti də daxil olmaqla bir sıra beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurub.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb. Onlardan 4-ü xarici investorlar tərəfindən satın alınıb.
“ASAN xidmət”in “Süni İntellekt Assistent” platforması isə qurumun müxtəlif fəaliyyət istiqamətləri ilə bağlı məlumatların sürətli və sadə şəkildə, adi söhbət formatında əldə edilməsinə, eləcə də təhlil və proqnozlaşdırma imkanlarına xidmət edir.
“SABAH.city”də Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaratdığı ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası yerləşir. Bu laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin aparılması nəzərdə tutulur.
Şəhərcikdə 12 startapın yerləşdiyi kovorkinq zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, eləcə də innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi də yaradılıb.
Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı, 8 texnologiya və innovasiya yönümlü şirkət və 12 startap olmaqla, ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.
Qeyd edək ki, “SABAH.city” layihəsinin əsas məqsədi Azərbaycanın innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda birləşdirmək və onların qarşılıqlı fəaliyyətini gücləndirəcək innovasiya mühiti formalaşdırmaqdır.
Layihənin uzunmüddətli perspektivdə insan kapitalının inkişafına, tətbiqi elmin və texnologiya transferinin gücləndirilməsinə, eləcə də Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin artırılmasına töhfə verməsi nəzərdə tutulur.


