Gəncənin dinc sakinləri hədəf alındı: 11 oktyabr faciəsindən 6 il keçir
Bu gün 2020-ci il oktyabrın 11-də Gəncənin mərkəzinə endirilən raket zərbəsindən altı il ötür. Həmin hücum nəticəsində 9 nəfər həyatını itirib, 35 nəfər yaralanıb. Ümumilikdə isə İkinci Qarabağ müharibəsi zamanı şəhərə edilən hücumlar 26 nəfərin ölümü və 175 nəfərin yaralanması ilə nəticələnib.
2020-ci ilin oktyabrında baş verən hücumlar Azərbaycanın ikinci böyük şəhərində mülki əhali və infrastruktur üçün ağır nəticələrə səbəb olub.
Azmedia.Az xəbər verir ki, 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində Gəncənin mərkəzi ballistik raket hücumuna məruz qalıb.
Hücum oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq baş verib. Həmin vaxt Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib və Gəncədə yaşayan dinc sakinlər növbəti dəfə hədəfə çevrilib.
Çoxmənzilli yaşayış binalarına raket zərbələri endirilməsi nəticəsində 9 nəfər şəhid olub. Həlak olanların 4-ü qadın olub. Hadisə zamanı 35 nəfər yaralanıb, daha sonra yaralılardan biri xəstəxanada dünyasını dəyişib.
Hücum nəticəsində şəhərdəki dağıntılar da genişmiqyaslı olub. Onlardan artıq 10 çoxmənzilli binaya, eləcə də müxtəlif təyinatlı 100-dən çox obyektə ziyan dəyib.
Gəncənin atəşə tutulması faktı ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işi başlanılıb. Raket zərbəsinin endirildiyi an Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən də qeydə alınıb.
Gəncəyə hücumların ümumi nəticələri
İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri Gəncəyə ümumilikdə beş dəfə — oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriya ilə hücum edib.
Bu hücumlar nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. Şəhərin mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Müharibə zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ümumilikdə 93 mülki sakini həlak olub. Onlardan 12-si uşaq, 27-si qadın olub. Daha 454 mülki vətəndaş yaralanıb.
Bununla yanaşı, 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. 1 018 fermer təsərrüfatı üzrə zərər faktı qeydə alınıb.


