Cəmi 23 gün vəzifədə qaldı: Naxçıvanın Bakıdakı nümayəndəliyi ləğv olundu- FOTO
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin fəaliyyətinə xitam verilib. Maraqlı məqam isə odur ki, nümayəndəliyin yeni rəhbəri Abbas Muxtarzadə təyin edildikdən cəmi 23 gün sonra qurumun ləğvi ilə bağlı qərar qəbul olunub.
Azmedia.Az xəbər verir ki, noyabrın 5-də Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin ləğv edilməsi barədə qərar imzalanıb.
Qeyd edək ki, nümayəndəliyin rəhbəri vəzifəsini icra edən Bəxtiyar Əsgərov bu il sentyabrın 28-də tutduğu vəzifədən azad olunub. O, 2014-cü ildən həmin vəzifədə çalışırdı.
Oktyabrın 12-də isə Bəxtiyar Əsgərovun yerinə Abbas Muxtarzadə təyin edilib. Lakin yeni rəhbərin təyinatından cəmi 23 gün sonra nümayəndəliyin ləğvi barədə qərar qəbul olunub.
Abbas Muxtarzadə 1989-cu il dekabrın 26-da Bakı şəhərində anadan olub. O, 2007–2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində “İnzibati idarəetmə” ixtisası üzrə ali təhsil alıb.
Abbas Muxtarzadə 2016-cı ildən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində baş mütəxəssis kimi fəaliyyətə başlayıb. 2019-cu ildə isə nümayəndəliyin Əlaqələndirmə sektorunda məsləhətçi vəzifəsinə təyin edilib.
//axar.az


