Hicabla bağlı yayılan sənəd saxtadır – Nazirlikdən və Media və Yayım Şurasından birgə açıqlama
Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia olunan, tibb müəssisələrində hicabdan istifadəyə məhdudiyyət tətbiq edildiyini bildirən məktubun görüntüləri paylaşılır. Rəsmi açıqlamada yayılan sənədin saxta olduğu qeyd edilib.
Azmedia.Az xəbər verir ki, Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyinin birgə açıqlamasında belə bir sənədin qəbul edilmədiyi və tibb müəssisələrinə bu məzmunda hər hansı göstəriş verilmədiyi bildirilib.
Açıqlamada vurğulanıb ki, saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim edilməsi ictimaiyyəti çaşdıran dezinformasiyadır.
Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına şərait yaratmamağa çağırıb.


