25 Oktyabr — Qubadlı Şəhəri Günü: Tarixi qələbədən 6 il ötür
Bu gün Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsinin altıncı ildönümüdür. 25 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu şəhəri işğaldan azad edib.
Azmedia.Az xəbər verir ki, bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin altıncı ildönümü qeyd olunur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı çərçivəsində aparılan döyüşlər nəticəsində həmin il oktyabrın 25-də Qubadlı şəhəri Ermənistanın işğalından azad edilib.
İkinci Qarabağ müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə ağır zərbə vurulması, cənubda yerləşən Zəngilan rayonunda isə qısa müddət ərzində uğurlu hərbi əməliyyatların həyata keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Qubadlı rayonunun inzibati sərhədlərinə çatmasına şərait yaradıb.
Oktyabrın 26-da dövlət başçısı xalqa müraciəti zamanı bir aya yaxın davam edən Vətən müharibəsində düşməndən məhv edilən və qənimət kimi götürülən silah və texnikalar barədə məlumat verib. Prezident, həmçinin Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq və Mollabürhan kəndlərini, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd və Yenikənd kəndlərini, eləcə də Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərini işğaldan azad etdiyini bəyan edib.
Qubadlı şəhərinin azad edilməsi uğrunda şiddətli döyüşlər aparılıb. Azərbaycan Ordusu düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Azərbaycanda hərbi qulluqçuların Qubadlı şəhərinin və rayonun işğaldan azad edilməsi uğrunda göstərdikləri şücaətin qiymətləndirilməsi məqsədilə “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən hərbi qulluqçular həmin medalla təltif olunublar.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi təsis edilib.
Xatırladaq ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal dövründə Qubadlı şəhəri və rayonun kəndləri dağıdılıb, dini, tarixi və mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandalizm əməlləri törədilib.
İşğalçılar rayonun zəngin təbiətinə, flora və faunasına da ciddi ziyan vurublar. Meşələr, nadir ağaclar və bitki növləri qırılıb, yandırılıb.


